“Uşaqlar arasında bəzi xəstəliklər var ki, onların aşkarlanması və müalicəsi ilə bağlı həm səhiyyə, həm də sosial müdafiə sahəsində xüsusi yanaşma tələb edilir. Bu gün hər birimizin yaxşı tanıdığı genetik və ətraf mühit faktorları ilə bağlı yaranan autizm spektr pozuntusunun erkən aşkarlanması və sonrakı reabilitasiyası üçün düşünürəm dövlət proqramının qəbul olunması vacibdir. Erkən diaqnostika, keyfiyyətli reabilitasiya uzunmüddətli perespektivdə həm dövlət büdcəsinin, həm də əhalinin maliyyə yükünün azaldılmasına xidmət edəcəkdir”.
Ölkə.Az xəbər verir ki, bunu deputat Soltan Məmmədov parlamentdə büdcə müzakirələri zamanı deyib.
Deputat əlavə edib ki, 2025-ci ilin dövlət büdcəsində bir sıra layihələrə ayrılan büdcənin artımı və bəzilərində isə azalmaların izahlı təqdimatı əldə olunan uğurlar və daha çox diqqət tələb edən səhiyyə məsələləri haqda məlumatlandırma üçün faydalı olardı. “Bu izahatlar bir sıra xəstəliklərlə bağlı həyata keçirilən dövlət proqramları çərçivəsində nəzərdə tutulan maliyyə vəsaiti ilə xəstə saylarının artan dinamikası arasındakı uyğunsuzluqları daha aydın başa düşməyə kömək etmiş olardı”, - o qeyd edib.
O əlavə edib ki, 2025-ci ilin büdcəsində ətraf mühitin qorunması üçün hədəflər və gələcək perspektivlər üzrə tədbirlər üçün nəzərdə tutulan maliyyə vəsaitinin gələcəkdə daha da artırılması lazımdır: "Belə ki, tullantıların düzgün zərərsizləşdirilməsi, bütün ölkə ərazisində müasir texnologiyaya əsaslanan təmizləyici sistemlərin qurulması, eyni zamanda tibbi tullantıların idarə olunması üçün əlavə imkanların yaradılması çox vacibdir.
Hökumət nümayəndələrinin burada olmasından istifadə edərək bir məsələni də diqqətə çatdırmaq istərdim. Bu gün ölkənin hər bir nöqtəsində davamlı olaraq həyata keçirilən infrastruktur layihələri yüksək qiymətləndirilir. Təmsil etdiyim Xəzər rayonunda son illər dövlətimiz tərəfindən, xüsusilə Heydər Əliyev Fondu tərəfindən çox saylı sosial layihələr həyata keçirilib. Bununla yanaşı bu gün üçün ən əsas ptoblemlərdən biri çirkab suların idarə olunması üçün kanalizasiya sisteminin olmamasıdır. Qrunt sularının yaratdığı problemlər, eyni zamanda kanalizasiya sisteminin yaratdığı sosial və potensial səhiyyə problemləri dəfələrlə hökumət qarşısıda qaldırılıb. Eyni zamanda, içməli su problemi də əhalini narahat edən məsələlərdən biridir. Hökumətin müvafiq strukturlarından gələcəkdə investisiya proqramları çərçivəsində bu sahələrdə tədbirlərin görülməsinin nəzərə alınmasını xahiş etmək istərdim”, - deputat bildirib.
Mürtəza
Ölkə.Az