Kənd təsərrüfatı məhsullarının ixracından gələn 20 milyon manata yaxın pulu Azərbaycana qaytarmayan şəxslər müəyyən edilib.
Bu barədə Valyuta.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işi üzrə “SOİL BOONS” MMC tərəfindən ümumilikdə 6.9 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 11.7 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Əliyev Cahangir Alim oğlu, Hacıyev Elyar Taryel oğlu, Mirzəmədov Mehman Əjdər oğlu, Qəbilov Saleh Rza oğlu və Əliyev Alı Cahangir oglu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə onlara ittiham elan edilib və barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Bundan başqa Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2, 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə fiziki şəxs Qurbanov Elxan Sabir oğlu tərəfindən ümumilikdə 3.8 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 6.5 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Qurbanov Elxan Sabir oğlu və Xalıqov Fuad Elşad oğlu iş üzrə təqsirləndirilən şəxslər qismində cəlb olunaraq qeyd olunan maddələrlə onlara ittiham elan edilib və barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Əlavə olaraq Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə “Roksa” və “Betta Advertising Media” MMC-lərin direktorları Nəcəfov Samir Afət oğlu və Qasımov Rəfayıl Qasım oğlu tərəfindən ümumilikdə 69 min ABŞ dolları (müvafiq dövrün məzənnəsi ilə 118 min manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən S.Nəcəfov və və R.Qasımov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində axtarış elan edilib.
Bundan başqa Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə xaricə müxtəlif kənd təsərrüfatı məhsulları ixrac edən fiziki şəxs Məmmədzadə Bayram Nüsrət oğlu tərəfindən ümumilikdə 2.2 milyon ABŞ dollarından artıq (həmin dövrün məzənnəsinə uyğun olaraq 3.8 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən B.Məmmədzadə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddə ilə ona ittiham elan edilib və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Rusiya Federasiyasına meyvə və tərəvəz ixrac edən (fiziki şəxs) Məmmədzadə Qurban Nüsrət oğlu tərəfindən ümumilikdə 516 min ABŞ dollarından artıq (həmin dövrün məzənnəsinə uyğun olaraq 878 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Q.Məmmədzadə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddə ilə ona ittiham elan edilib və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.