AZ

COP29 Azərbaycana dünyada xüsusi yer müəyyənləşdirdi

Cənubi Qafqazda, Mərkəzi Asiyada və MDB məkanında ilk COP konfransı məhz Bakıda keçirildi, çünki...

Noyabrın 11-dən Bakıda start götürən və 23 noyabrda yekunlaşan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransı-COP29 yüksək səviyyədə keçirildi. COP dünyanın 197 ölkəsini birləşdirir və BMT-yə üzv olan ölkələr hər biri bu konfransın üzvüdür. 1995-ci ildən etibarən hər il Tərəflər Konfransının növbəti sessiyası keçirilir. Bu il 29-cu sessiyadır və bu tədbirin Azərbaycana həvalə edilməsi ilə bağlı ötən il 28-ci sessiyada yekdil qərar qəbul edilmişdi.

Bakıdakı COP29-da 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçı iştirak etdi.  Onların arasında 80 prezident, vitse-prezident və baş nazir var. Beləliklə, 11 noyabrdan 23 noyabradək dünyanın Bakıda toplaşdığını söyləmək üçün bu fakt yetərlidir. 

COP29-un Bakıda keçirilməsi Azərbaycanın dünyada nüfuzunu daha da artıracaq.

Milli Məclisin deputatı Aydın Hüseynov bu barədə “Yeni Müsavat”a bildirib ki, COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsi oldu: “Artıq məlumat verildiyi kimi, COP29-da 72 min xarici nümayəndə iştirak üçün qeydiyyatdan keçib. Yaşadığımız 12 gün ərzində Bakı dünyanın mərkəzi rolunu oynadı. Azərbaycan dövləti dünya ölkələrini bir masa ətrafına yığaraq planet üçün vacib olan iqlim dəyişikliyi məsələsinin müzakirəsinin keçirildiyi toplantıya sədrlik etdi. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsi sadəcə bir toplantının keçirilməsi anlamını daşımır. Bu, birincisi, böyük uğur olub Azərbaycan dövlətinə, Prezident  İlham Əliyevə növbəti etimad, inam və hörməti göstərir, dövlət başçısının, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun ölçülərindən biridir. İkincisi, bu etimad və hörməti Azərbaycan dövləti ötən illərdə yürütdüyü siyasəti ilə qazanıb. Nəticədə ölkənin mövqeləri güclənib, beynəlxalq aləmdə hörməti artıb. Azərbaycan bu hörməti əməli, işi, müstəqil siyasəti, prinsipial mövqeyi, beynəlxalq hüquqa olan sədaqəti ilə əldə edib.

Aydın

 Aydın Hüseynov 

Ölkəmiz artıq dünyada söz sahibinə çevrilib. Faktlar da təsdiqləyir ki, son 20 ildə dövlətimizin başçısının həyata keçirdiyi müstəqil siyasət nəticəsində Azərbaycanın reytinqi artıb və dünya miqyasında çox güclü mövqelərə sahib olub.

Mötəbər beynəlxalq təşkilatların rəhbərləri öz tədbirlərinin Azərbaycanda keçirilməsini təsadüfən müəyyənləşdirməyiblər. Son illər Azərbaycan dünyada sabit məkan kimi tanınır.

Bundan başqa, Azərbaycan bir sıra nüfuzlu beynəlxalq təşkilatlara rəhbərlik etməkdə də zəngin təcrübə qazanıb. Bir neçə il əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi müxtəlif vaxtlarda bu quruma iki dəfə sədrlik edib. Qoşulmama Hərəkatının sədri olduğu müddətdə həyata keçirilən tədbirlər qurumun üzv dövlətləri tərəfindən yüksək dəyərləndirilib. Mötəbər tədbirlərə uğurlu ev sahibliyi etmək Azərbaycanın beynəlxalq aləmdə olan reytinqini getdikcə artırıb. COP29-un Bakıda yüksək səviyyədə keçirilməsi isə bu reytinqi qat-qat artırmış oldu. Ona görə də əminliklə deyə bilərik ki, bu qlobal tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin diplomatik və siyasi uğuru kimi qəbul edilməlidir".

A.Hüseynov dedi ki, COP29 Azərbaycanın öz həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmasında əhəmiyyətli rol oynadı: “Prezident İlham Əliyev çıxışında Azərbaycan həqiqətlərini, Azərbaycanın mövqeyini bütün dünyanın diqqət mərkəzində olan COP29 tribunasından bəyan elədi. Azərbaycan həqiqətlərinin Tərəfdaşlar Konfransının sessiyasında iştirak edən dövlətlərin rəsmiləri vasitəsilə beynəlxalq aləmə çatdırılması da Azərbaycanın siyasi cəhətdən uğur əldə etməsi deməkdir. Eyni zamanda Azərbaycan iqlim dəyişiklikləri üzrə proseslərdə yaxından iştirakı ilə beynəlxalq ictimaiyyətə ciddi mesajlar verir ki, Azərbaycan nüfuzlu dövlətdir”.

Deputat qeyd etdi ki, bu gün qlobal problemlər, dünyanın gələcəyi Azərbaycanda müzakirə edildi. COP29 konfransı Azərbaycan üçün yalnız bir nüfuzlu beynəlxalq tədbir deyil, həm də davamlı inkişaf strategiyamızın bir hissəsi və iqlim dəyişikliyi ilə mübarizədə lider ölkələrdən biri olmaq üçün bir platformadır. Azərbaycan bu tədbir vasitəsilə iqlim dəyişikliyi ilə mübarizədə fəal rol oynadığını bir daha sübuta yetirdi: “Prezident İlham Əliyevin noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında dediyi kimi, Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə COP29 çərçivəsində birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirdi ki, COP29 ölkəsi seçilmək bizim üçün böyük şərəfdir. Biz fərəhlənirik ki, Cənubi Qafqazda, Mərkəzi Asiyada və daha geniş regionda ilk COP konfransı məhz Azərbaycanda keçirilir.

COP29-un Bakıda ən yüksək səviyyədə təşkili və uğurla başa çatması eyni zamanda Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirən bəzi dairələrə də “səyləriniz həmişəki kimi nəticəsiz qaldı” cavabıdır"".

Hazırladı: Etibar SEYİDAĞA

Seçilən
15
musavat.com

1Mənbələr