Azərbaycanda orta məktəb şagirdləri arasında suçiçəyi xəstəliyi yayılıb.
E-saglam.az xəbər verir ki, bu barədə Lent.az-a valideynlər məlumat veriblər.
İddia olunur ki, bəzi məktəblərdə uşaqlar arasında suçiçəyinə yoluxma hallarına rast gəlinir.
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkədə əsasən uşaqlar arasında suçiçəyi xəstəliyinə yoluxma hallarına rast gəlinir:
"2024-cü ilin ötən dövrü ərzində qeydə alınan suçiçəyi hadisələrinin səviyyəsində keçən ilin müvafiq dövrü ilə müqayisədə azalma müşahidə olunur.
Qeyd etmək lazımdır ki, suçiçəyi xəstəliyinə qarşı ölkədə peyvəndləmə aparılmır.
Qeydə alınan xəstəlik ocaqlarında profilaktik və əks-epidemik tədbirlərin aparılması təmin edilir.
Epidemioloji vəziyyət nəzarət altındadır və səhiyyə orqanları tərəfindən diqqətlə izlənilir".
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən isə bildirilib ki, hər hansı bir xəstəliyə yoluxma hallarının müşahidə olunması ilə bağlı məlumat daxil olduğu halda ümumi təhsil müəssisələrində müvafiq ixtisaslaşdırılmış qurumlar tərəfindən dezinfeksiya işləri həyata keçirilir:
"Valideynlərə hər zaman məsləhət görülür ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda, tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil.
Qeyd edirik ki, məktəblilər arasında müvafiq xəstəliyə yoluxma ilə bağlı statistik məlumatı aidiyyəti səhiyyə qurumu müəyyən edir".
E-saglam.az