AZ

Qaxda kişi oğluna xəsarət yetirdi

Qax rayonunda 1971-ci il təvəllüdlü Fəxri şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı oğlu Məhəmmədə xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 5 avqust 2024-cü ildə, saat 19 radələrində Qax rayonu Almalı kəndində baş verib. Fəxri kənddə yerləşən yaşadığı evin həyətində olan zaman oğlu Məhəmmədin ona kobud ifadələr işlətdiyi üçün onunla sözlə mübahisə edib. 

Daha sonra aralarında ailə-məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı Məhəmmədin baş və bədən nahiyəsinə bir neçə dəfə qəsdən yumruqla vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən Fəxrinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fəxri ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, məhkəmədə verdiyi ifadəsində göstərib ki, oğlu Məhəmmədi vurmayıb, ana-bala özləri onu döyüblər: “Yanımızda bizi ayıran adamlar da olub. Məni oğlumla arvadım yerdə boğaraq öldürürdülər. Son nəfəsim olub, polisə zəng etməli olan adam mən olmalı idim, Məhəmməd yox. Yaşadığımız evdə özümə pilləkən və otaq ayırmışdım ki, oğlum Məhəmməd və keçmiş arvadım ilə giriş qapımız eyni olmasın”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən gün mağazadan kərpic alıb və motosikletə yükləyərək evə gətirib: “4 manat verib motosiklet tutdum. Özümə taxta pilləkən və qapı qoydum. Mağazaya girərək kərpiclərin pulunu verən zaman oraya Məhəmməd gəldi. Məhəmmədə mağazada kənara çəkilməsini dedim. Məhəmmədə camaatın yanında söz dediyim üçün bu ona pis təsir etdi. Mağazada Məhəmmədə konkret nə deməyimi xatırlamıram. Motosikletlə evə gələn zaman Məhəmməd avtomobili ilə məni ötərək keçdi. Hadisə bizim həyətimizdə baş verib. Evə gələrək kərpici boşaltdım. Evə çatan kimi ana-bala üstümə tökülüşdülər. Bu zaman mən yıxıldım, Məhəmməd üstümə gələrək məni boğdu. Mənim nəfəsim kəsildi. Qonşular məni Məhəmmədin əlindən aldılar. Məhəmməd məni nökər adlandırdı, deyir kiminsə nökəriyəm. Mən ayın 10-15 gününü günlük 20 manata işləyirəm. Kənd ərazisində torpaq sahələrini sulayıram. Mənim çörəyim bu işdən çıxır. Mən Məhəmmədi vurmamışam. Çünki yerə yıxılmış və vurası hal-amanım olmayıb”. 

Lakin təqsirləndirilən Fəxri ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və məhkəmədə didiyi sözlərdən fərqli danışıb. Bu səbəbdən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini açıqlayıb. 

Fəxri ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, zərərçəkmiş Məhəmmədin atasıdır, onunla birlikdə Qax rayonu Almalı kəndində yaşayır: “Saat 19 radələrində yaşadığım evin həyətində oğlum Məhəmmədlə aramızda ailə daxili söhbətlərə görə mübahisə düşdü. Son zamanlar belə mübahisələrimiz hər gün baş verib. Sonuncu dəfə mübahisənin düşməsinə səbəb evin işıq pulunu heç kim ödəmədiyinə görə adıma borc yığıldığından evin işığını kəsməsi olub. Məhəmməd işığın pulunu ödəmədiyinə görə onunla mübahisə etmişəm. Oğlumun mənə kobud sözləri davamlı olaraq işlətdiyindən əsəblərimə hakim ola bilməmişəm. Oğlumun baş və bədən nahiyəsinə bir iki dəfə yumruqla vurmuşam. Həyat yoldaşım mənim əlimdən oğlumu bir təhər alıb. Sonradan elədiyim hərəkətdən peşman olmuşam”.

Təqsirləndirilən şəxs ifadəsində oğlu ilə aralarında yaranan mübahisənin 5 avqust 2024-cü ildə, təxminən saat 19 radələrində Qax rayonu Almalı kəndində yaşadıqları evin həyətində baş verdiyini, baş vermiş mübahisə zamanı yaşadıqları evin həyətində oğlu Məhəmməd, həyat yoldaşı Sevinc və özündən başqa heç kəsin olmadığını, hadisənin təxminən 3-5 dəqiqə davam etdiyini, baş vermiş hadisə zamanı orada kənar şəxslərin olmadığını, oğlu Məhəmmədin onu vurmadığını göstərib.

Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Məhəmmədin sözlərinə görə, hadisə baş verən gün işdən qayıdarkən mağazaya girib: “Atam Fəxri mağazanın qapısında dayanmışdı. Mən kassada olarkən atam mənim anamın ünvanına nalayiq ifadələrlə söydü. Mən isə atama cavab vermədim və evə gəldim. Hətta mağazanın sahibi belə ona “halal olsun, sən belə dözürsən” dedi. Mən avtomobilə əyləşərək evimə gəldim. Atam sement, kərpic və ağac almışdı. O, qapının qarşısında ağac kəsmək üçün istifadə olunan mişara benzin tökən zaman ona dedim ki, evdə anama söysən, heç nə demərəm. Lakin camaatın içində, qadınlar və uşaqlar olan yerdə məni təhqir etməyin düzgün deyil. Bu sözü deyən kimi Fəxri əlindəki ağacla mənim başıma vurdu. Məni ekspertizaya apardılar. Polis də gələrək hər şeyi qeydə aldı. Fəxri mənim başıma əvvəlcə ağacla, sonra isə yumruqla vurdu. Bizi qonşular ayırdı. Bizim evimizdə hər gün davadır. Davanın səbəbi isə ya işıq, ya da qazla bağlıdır. Atam anama və mənə həmin evdə yaşamamağımızı deyir. Atam bu vaxta kimi dəfələrlə məndən şikayət edib. Davanın başlama səbəbi atamın mağazada söyüş söyməsi olub. Mənim 25 yaşım var, heç kəsin yanında başı aşağı olmaq istəmirəm. Hadisə yerində iki nəfər olub, Orxan və Şahin. Onlardan biri motosiklet sürücüsü, digəri isə atamın yük daşımaq üçün köməyə çağırdığı qonşumuzdur. Əgər atam Fəxriyə vurmuş olsaydım, barəmdə şikayət edəcəkdi. Çünki kəndin içərisində heç kəs atama bir kəlmə söz deyə və barmaqla belə ona toxuna bilmir”.

İş üzrə şahid qismində dindirilən Sevincin sözlərinə görə, Fəxri onun keçmiş həyat yoldaşı olub və onlar boşanıblar: “Hazırda danışmırıq və küsülüyük. Bizim üç övladımız var. Hadisə baş verən gün Fəxri yaşadığımız evdə özü üçün pilləkəni və qapını ayırırdı. Bunun üçün Fəxri məndən pul istədi. Mən isə qapının ayrılmasına pul verməyə maddi imkanımın olmadığını bildirdim, nə vaxtsa pulum olarsa köməklik edəcəyimi dedim. Fəxri razı olmadıqda pulumun olmadığına and içdim. Fəxri isə məndən əl çəkmədi və söyüş söydü. Mən Məhəmmədə bu barədə heç bir söz demədim. Məhəmməd mağazaya çörək almağa getdi, Fəxri də orada olub. Fəxri mağazanın içərisində Məhəmmədi söyməyə, mənim ünvanıma pis sözlər deməyə başladı. Məhəmməd həmin gün bağımıza fındığın altını təmizləməyə getməli idi. Məhəmməd evə gələrək Fəxrinin mağazada camaatın içərisində onu söydüyünü, satıcının və digər şəxslərin ona güldüyünü dedi. Mən isə oğluma fikir verməməsini, Fəxrinin onsuz da bizi daima söyməsini dedim. Məhəmməd məndən yemək isitməyimi xahiş etdi. Mən altıaçıqda yemək isidərkən səs gəldiyini eşitdim. Qaçaraq həmin yerə getdikdə Fəxrinin əlində ağacla olduğunu və ağacı üç yerə bölündüyünü gördüm. Fəxri ağacı oğlum Məhəmmədin başına vurdu. Fəxri bizdən əl çəkmir, uşağımın yanında, camaatın içərisində ünvanıma ağıza alınmayacaq sözlər deyir. Mənə hədə-qorxu gələrək Məhəmmədi həbs etdirəcəyini, onu şərləyəcəyini, maşınına narkotik vasitə atacağını deyir. Neçə dəfə məhkəmə və polisə müraciət etmişik. Fəxriyə həmişə bizdən əl çəkməsini deyirik”. 

Bu cinayət işinə Qax Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fəxri 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə Qax rayonunun Almalı kəndində yerləşən yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək və yaşadığı Qax rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Hökmün icrası Qax rayon İcra və Probasiya Şöbəsinə həvalə olunub.

Fariz Məlikli
Demokrat.az
Seçilən
28
demokrat.az

1Mənbələr