Prezident paylaşımda“Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu.
Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq. Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu”, - deyib.
“Cebheinfo.az”-ya açıqlamasında politoloq Zaur İbrahimli bildirib ki, COP29-da Azərbaycan həqiqətən də yüksək iqlim diplomatiyasını nümayiş etdirdi və bundan sonra keçiriləcək COP-lar Bakı COP-u ilə müqayisə olunacaq.
Politoloqun sözlərinə görə, cənab Prezident dəlilllərlə, sübutlarla, açıq şəkildə və cəsarətlə Azərbaycana qarşı COP29-la bağlı qarayaxma kampaniyalarını alt-üst etdi:
“COP29-da əldə etdiyimiz uğur Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yeni müasir dövrdə əldə etdiyi uğurların da bir göstəricisi oldu. Bakıda əldə olunan razılaşmalar Azərbaycana etimadın göstəricisidir. Baxmayaraq ki, müxtəlif qarayaxma kampaniyaları ilə Azərbaycana mane olmağa çalışırdılar.
Beynəlxalq təşkilatlar Bakı COP-nu siyasi maraqların aləti, vasitəsi kimi nəzərdə tuturdular. Lakin Azərbaycan diplomatiyası bu çətinliklərin öhdəsindən gəldi. Biz təəssüf edirik ki, bir sıra Qərb ölkələri hamı üçün vacib və prioritetdə saxlanmalı olan iqlim məsələlərinin belə siyasi təzyiq vasitəsi kimi istifadə edirlər. COP29 çərçivəsində keçirilən Liderlər Sammitində buna cənab Prezident çox tutarlı cavab verdi.
Cənab Prezidentin bu çıxışı hələ də trend olaraq qalır və bu çıxışa istinadlar edilir. Azərbaycanın və xüsusən onun dövlət başçısının qətiyyətli mövqeyi COP29-da nəticələrin əldə olunmasını şərtləndirdi”.
Zaur İbrahimli qeyd edib ki, belə bir mürəkkəb dövrdə, yəni maraqların toqquşduğu bir vaxtda, xüsusən inkişaf etmiş ölkələrlə zəif inkişaf etmiş ölkələrin ciddi fikir ayrılığı yarandığı bir mühitdə Azərbaycan Bakıda dünyanı birləşdirməyə nail oldu:
“COP29-un ən böyük nailiyyəti kimi Paris Sazişinin altıncı bəndinin tamamilə razılaşdırılmasını qeyd etmək olar. 10 il bununla bağlı müzakirələr gedib. Bu maddənin tələbləri ilə bağlı Bakıda razılıq əldə olunması iqlim hərəkatı tarixində ən böyük nailiyyətlərdən biri kimi qeyd oluna bilər. Bu razılaşmalar onu nəzərdə tutur ki, artıq karbon kreditləri bazarı formalaşacaq və onun ticarəti qaydaları müəyyənləşəcək.
Beləliklə də illik əsaslı 250 milyard dollara qənaət etmək və onu iqlim idarəedilməsi məsələni yönəltmək mümkün olacaq. Bu, COP29 tarixinin ən əhəmiyyətli nəticələrindən biri hesab oluna bilər. 2025-ci ildən 2035-ci ilə qədər inkişaf etmiş ölkələr hər il 300 milyard dollar həcmində vəsaiti zəif inkişaf etmiş ölkələrə və ada dövlətlərinə yönəldəcəkləri barədə razılığa gəldilər. Bu da əhəmiyyətli məsələdir. Daha artıq məbləğə gözləntilər vardı. Lakin heç də bununla əlaqədar münbit bir şərait yox idi.
Maraqlar kəskin şəkildə bir-birilə fərqlənirdi. Azərbaycanın belə bir şəraitdə razılığa nail olması doğrudan da çox ciddi bir uğur kimi qiymətləndirilə bilər. Həmçinin 300 milyard dolların ayrılmasına nail olunması qarşıdakı 10 il üçün zəmanət yaradır ki, minimum da olsa iqlim dəyişikliklərinin idarə edilməsi, adaptasiya məsələləri maliyyələşdiriləcək”.
O bildirib ki, COP29-da Qlobal Cənubun səsi daha gur eşidildi və ada dövlətləri geniş təmsil olundu:
“İlk dəfə olaraq “Uşaqlar və gənclərin iqlim fəallığı” mövzusunda təmsilçiliyinə nail olundu. Azərbaycan bir sıra yeniliklərə də imza atdı. Milli QHT Forumunun təşəbbüsü ilə “COP29 QHT Koalisiyası” yaradıldı. Burada təmsil olunan QHT-nın 84 %-i Qlobal Cənubu təmsil edən QHT-dır. Eyni zamanda kifayət qədər rekord sayda, 76 min iştirakçı qeydiyyatdan keçdi. Bu da onu göstərdi ki, Azərbaycan COP29-u yəksək səviyyədə həyata keçirib”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”