AZ

BƏƏ minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi göstərəcək - FOTOLAR

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi göstərəcək. Bu barədə SİA-ya Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, bununla bağlı ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanovla BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi arasında Anlaşma Memorandumu imzalanıb.

Fəaliyyət çərçivəsində Agentliyin müvafiq minatəmizləmə fəaliyyətinin dəstəklənməsi, texniki potensialının gücləndirilməsi, zəruri avadanlıqların alınması, habelə keçmiş təmas xətti boyu yerləşən ərazilərdə mina təhlükəsinə qarşı maarifləndirmə tədbirlərinin yerinə yetirilməsi nəzərdə tutulub.

V.Süleymanov BƏƏ-nin Azərbaycanda icra edilən humanitar minatəmizləmə fəaliyyətləri üçün töhfəsinə görə qarşı tərəfə təşəkkür edib.

Görüşdə qonağa işğaldan azad olunmuş ərazilərin mina və digər partlayıcı qurğularla kütləvi şəkildə çirklənmə miqyası, mövcud problemin aradan qaldırılması istiqamətində icra edilən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti barədə ətraflı məlumat verilib. Həmçinin Azərbaycanın üzləşdiyi mina problemi ilə mübarizədə beynəlxalq resursların cəlb olunmasının önəmi və tərəfdaşlığın əhəmiyyəti vurğulanıb.

Səfir BƏƏ-nin göstərdiyi yardımı dost Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə həyata keçirildiyini diqqətə çatdırıb.

Görüş zamanı həmçinin tərəflər arasında mina təhlükəsi ilə mübarizə fəaliyyətinə göstərilən dəstək və bu sahədə əməkdaşlığın gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
1
18
sia.az

10Mənbələr