AZ

Metrodan istifadə edənlərin nəzərinə!- Qrafik dəyişir

Həzi Aslanov stansiyasında qatarların dönmə kamerasının əsaslı təmiri və yenidən qurulması ilə əlaqədar Bakı metropoliteninin Yaşıl və Qırmızı xətlərində qatarların hərəkət qrafikinə noyabr ayının 30-dan dəyişiklik ediləcək.

Oxu24.com   xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, təmir müddətində xətlərdə hərəkətin təşkili, eləcə də “Həzi Aslanov” stansiyasının sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi və digər texniki məsələlərlə bağlı bir sıra tədbirlər həyata keçirilib:

“Qatarlar Qırmızı xətt üzrə (“İçərişəhər” stansiyasından) və Yaşıl xətt üzrə (“Dərnəgül” stansiyasından) “Əhmədli” stansiyasına qədər hərəkət edəcək.

İş günlərində qatarların hərəkəti ilə bağlı texniki cəhətdən mümkün ən sıx hərəkət qrafiki qüvvədə qalacaq. Gur saatlarda (07:00-10:00 və 17:30-19:30) “28 May-Əhmədli” sahəsində qatarların hərəkəti 2 dəqiqəlik intervalla tənzimlənəcək. Həmin sahədə qatarların hərəkət intervalı şənbə günləri səhər 7:00-dan 21:00-a qədər 2,5 dəqiqə, bazar günləri isə eyni vaxtda 3 dəqiqəyə bərabər olacaq”.

H. Məmmədov deyib ki, “Bakmil” istiqamətində hərəkət edən qatarların hərəkət cədvəli də noyabr ayının 30-dan dəyişdiriləcək:

“Qatarların bu stansiyaya və əksinə hərəkət cədvəli noyabr ayının 29-da “Bakı Metropoliteni” QSC-nin rəsmi “metro.gov.az” internet saytının müvafiq bölməsində yerləşdiriləcək.

“Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən sərnişinlərin maraqları nəzərə alınaraq, dönmə kamerasında əsaslı təmir işləri başa çatana qədər stansiyanın sərnişindaşıma fəaliyyəti dayandırılmayacaq.

Lakin bu stansiyadan qatarların hərəkəti yalnız “Əhmədli” stansiyasına və geri olmaqla təşkil olunacaq. “Əhmədli” və “Həzi Aslanov” stansiyalarından qatarların hərəkət intervalı 10 dəqiqə olmaqla təşkil ediləcək.

“Əhmədli-Həzi Aslanov” stansiyalarından qatarların hərəkət cədvəli “Bakı Metropoliteni” QSC-nin rəsmi “metro.gov.az” internet saytının “Sərnişinlər” bölməsinin “Qatarların hərəkət cədvəli” yarımbölməsində yerləşdiriləcək. Yaşıl xəttin “Xətai-Cəfər Cabbarlı” mənzili və Bənövşəyi xətdə qatarların hərəkət qrafikinə dəyişiklik edilməyəcək”.

Seçilən
1
45
oxu24.com

10Mənbələr