"Bakı Metropoliteni" QSC-nin “Həzi Aslanov” stansiyasında qatarların hərəkət qrafiki dəyişdiriləcək.
AzNews.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, stansiyada qatarların dönmə kamerasının əsaslı təmiri və yenidən qurulması ilə əlaqədar noyabrın 30-dan Yaşıl və Qırmızı xətlərdə qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək. Təmir müddətində xətlərdə hərəkətin təşkili, eləcə də “Həzi Aslanov” stansiyasının sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi məqsədilə digər texniki məsələlərlə bağlı bir sıra tədbirlər həyata keçirilib. Qatarlar Qırmızı xətt üzrə (“İçərişəhər” stansiyasından) və Yaşıl xətt üzrə (“Dərnəgül” stansiyasından) “Əhmədli” stansiyasına qədər hərəkət edəcək.
İş günlərində qatarların hərəkəti ilə bağlı texniki cəhətdən mümkün ən sıx hərəkət qrafiki qüvvədə qalacaq. Gur saatlarda (07:00-10:00 və 17:30-19:30) “28 May-Əhmədli” sahəsində qatarların hərəkəti 2 dəqiqəlik intervalla tənzimlənəcək. Həmin sahədə qatarların hərəkət intervalı şənbə günləri səhər 7:00-dan 21:00-a qədər 2,5 dəqiqə, bazar günləri isə eyni vaxtda 3 dəqiqəyə bərabər olacaq.
“Bakmil” istiqamətində hərəkət edən qatarların hərəkət cədvəli də noyabr ayının 30-dan dəyişdiriləcək. Qatarların bu stansiyaya və əksinə hərəkət cədvəli noyabr ayının 29-da “Bakı Metropoliteni” QSC-nin rəsmi “metro.gov.az” internet saytının müvafiq bölməsində yerləşdiriləcək.