AZ

Azərbaycan Trampdan müsbət addımlar GÖZLƏYİR

ABŞ Prezidenti seçilən Donald Tramp yanvarın 20-də and içəcək və səlahiyyətlərinin icrasına başlayacaq. Trampın hakimiyyətə gəlməsindən sonra Baydenin dövründə çalxantılar yaşayan ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoyacağı gözlənilir.

Ötən gün Prezident İlham Əliyev Trampa zəng edərək onu ABŞ-nin dövlət başçısı seçilməsi münasibətilə təbrik edib. Azərbaycan Prezidenti qeyd edib ki, seçkilərdə inamlı qələbə Amerika xalqının onun yürütdüyü siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsidir.

Dövlətimizin başçısı vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacaqdır.

 

Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını bildirib.

 

Prezident Donald Tramp öz növbəsində səmimi təbriklərə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. Donald Tramp ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini qeyd edib.

 

Politoloq Əlimusa İbrahimovun sözlərinə görə, təkcə Azərbaycan deyil, dünyada mövcud olan dövlətlərin demək olar ki, hamısı səbirsizliklə Donald Trampın vəzifəyə başlamasını gözləyirlər:

“Bəzi dövlətlər yeni seçilmiş keçmiş prezidenti təkcə öz mənafeləri baxımdan deyil, həm də dünyada baş verən münaqişə və müharibələrin həll edilməsinə bəslədikləri ümidə görə gözləyirlər. Axı bu müharibələrin inkişaf etməsi və 3-cü dünya müharibəsinə çevrilməsi istinasız bütün dünya dövlətlərini təhlükə altına atır. Amma Tramp bu müharibələrin qısa müddətdə qarşısının alınmasına söz verib”.

Politoloq bildirib ki, Azərbaycanda da Trampın andiçmə mərasimini səbirsizliklə gözləyir və onun regionumuzla bağlı demokratlar partiyasının nümayəndəsi olan Co Baydendən fərqli siyasət yeridəcəyinə inanırlar:

“Azərbaycan Respublikası Prezidenti İlham Əliyev hələ seçkilər gedərkən bizim üçün prioritet Donald Trampın hakimiyyətə gəlməsi olduğuna işarə etmişdir. Bu açıqlamanın fərqli nəticələr verəcəyini qabaqcadan başa düşərək belə münasibət bildirmək ciddi, uzaqgörən siyasətçilərə nəsib olan bir xüsusiyyətdir. İlham Əliyev məhz Trampın hakimiyyətə gələcəyi ehtimalının daha çox olduğunu qabaqcadan görərək məhz bu fikri ifadə etdmişdir”.

Ə.İbrahimov qeyd edib ki, Azərbaycan rəhbərliyi Respublikaçıların hakimiyyətə gəlməsini bizim üçün daha uyğun olduğunu bildirməklə Trampın Baydendən fərqli siyasət yeridəcəyinə inanırdı:

“Bu fərqli siyasət mütləq Azərbaycanın mənafeyinə xidmət edən bir siyasət olmalıdır. Çünki Tramp ikinci dəfə idi ki, prezident kimi fəaliyyət göstərəcəkdi və onun birinci prezidentlik dövru hamının xatirindədir”.

Müsahibimiz vurğulayıb ki, dünən İlham Əliyev Trampa zəng edərək onu yenidən prezident seçilməsi münasibəti ilə təbrik edərək xoş arzularını çatdırdı. Bu faktın özü belə Tramp administrasiyası ilə Azərbaycan arasında müsbət münasibətlərin inkişaf etdiriləcəyinə dəlalət edir:

“Trampın ətrafında Azərbaycan əks mövqedə olan insanların toplanması heç də Azərbaycana qarşı əvvəlki siyasətin davam etdiriləcəyini deməyə əsas vermir. Onun köməkçiləri Prezidentin kursunu müdafiə edərək onun tapşırıqlarını yerinə yetirməyə borcludurlar. Bu baxımdan Trampın Azərbaycanla münasibətləri əvvəlki dönəmdən daha yaxşı olacaq ki, pis olmayacaq. Buna görə də düşünürəm ki, biz Trampın seçilməsindən müsbət addımlar gözləməkdə haqlıyıq”.

Seçilən
6
2
apress.az

3Mənbələr