AZ

"Baş məşqçimiz Qurban Qurbanova, futbolçularımıza, bütün komandaya inanıram"

Avropa Liqasında mübarizə aparan “Qarabağ” əsas mərhələnin 5-ci turunda Bakıda “Lion”la (Fransa) qarşılaşacaq.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisinin prezidenti Tahir Gözel qarşılaşma ərəfəsində klubu saytına açıqlama verib.

O bildirib ki, "Qarabağ" meydana növbəti qələbəni qazanmaq üçün çıxacaq:

“Azərbaycanı illərdi Avropada layiqincə təmsil edən “Qarabağ” bu həftə növbəti oyununu keçirəcək. Komandamız təkcə Fransanın deyil, Avropanın adlı-sanlı klublarından hesab olunan “Lion”u qəbul edəcək. Bir çox tanınmış futbolçulara malik rəqibin ulduzları Bakıda qonağımız olacaq. Ötən tur “Bude/Qlimt”ə qalib gələn “Qarabağ” meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq. Komandamız Norveçdə olduğu kimi yenə azarkeşlərimizə sevinc bəxş etmək üçün sonadək və var gücü ilə mübarizə aparacaq".

Gözəl qeyd edib ki, vacib işləri ilə əlaqədar oyunu stadiondan izləyə bilməyəcək:

"Təəssüf ki, təxirəsalınmaz işlərlə əlaqədar bu həyəcanı komandamla, azarkeşlərimizlə birlikdə yaşaya bilməyəcəyəm. İşgüzar səfərdə olacağım üçün qarşılaşmanı stadiondan izləməyəcəyəm. Amma ürəyim hər zaman olduğu kimi “Qarabağ”la birgə olacaq. Baş məşqçimiz Qurban Qurbanova, futbolçularımıza, bütün komandaya inanıram. Onların sonadək meydanda döyüşəcəklərinə əminəm. Komandama bu vacib qarşılaşmada uğurlar arzulayıram. İnanıram ki, Tofiq Bəhramov adına Respublika stadionu azarkeşlərimizlə tam dolacaq və onlar arenadan sevinclə ayrılacaqlar"

Klub rəhbəri hədəfin növbəti mərhələyə yüksəlmək olduğunu vuruğulayıb:

"Qarşıda dörd oyunumuz var. Bunlardan birincisi “Lion”a qarşı olacaq. İnanıram ki, bu turda da qələbə qazanıb növbəti mərhələyə keçmək üçün daha bir addım atacağıq”.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Lion” görüşü saat 21.45-də başlayacaq.
Seçilən
5
6
football-plus.az

10Mənbələr