Büdcədə səhiyyə xərclərinin 2 milyard manata yaxınlaşması (büdcə xərclərinin 4,8 %-i) olması, 2024-cü illə müqayisədə 7.1% cox səhiyyə xərclərinin son 5 ildə 2 dəfədən artıq artması dövlətimizin bu sahəyə necə qayğı ilə yanaşmasının göstəricisidir.
Ölkə.Az xəbər verir ki, bunu deputat Müşfiq Məmmədli parlamentdə büdcə müzakirələri zamanı deyib.
Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi ilə ölkə səhiyyəsinin maliyyələşməsində müasir yanaşmaların tətbiqi səhiyyə sahəsinin inkişafına əhəmiyyətli dərəcədə təsir edib. “Səhiyyə xərclərinin 70%-dən çox İcbari Tibbi Sığorta Fonduna (İTSF) yönəlməsi bu sahənin prioritet olmasının sübutudur. Beləliklə, 1.5 mlrd-da yaxın vəsait dövlət büdcəsi hesabına əhalinin sığortalanmasına, digər vəsait isə dövlət proqramlarına ayrılmışdır. Bu sosial dövlət modelinin uğurla tətbiqinin nümunəsidir.
Ancaq Hesablama Palatasının rəyindən göründüyü kimi, burada da bəzi korrektələrə, daha fərqli idarəetmə həllərinə və ölkə qanunvericiliyinə uyğun şəkildə müasir korporativ idarəetmə modellərinin tətbiqinə ehtiyac var”, - o qeyd edib.
Deputat əlavə edib ki, digər sahələrdə də olduğu kimi, yaradılmış publik hüquqi şəxslərin hələ də büdcə təşkilatları kimi fəaliyyət göstərdiyinin şahidi olur: “Ancaq müasir idarəetmə tətbiq edilən, işini zamanın tələblərinə uyğun quran, Yeni Klinika, Kliniki Tibbi Mərkəz, Abşeron Tibb Mərkəzi PHŞ-lər dotasiyasız fəaliyyət göstərir, Sumqayıt Tibb Mərkəzi isə çox cüzi 7-8% dotasiya ilə fəaliyyət göstərir. Belə nəticə çıxartmaq olar ki, islahatların davamlı və ardıcıl tətbiqi bu müsbət nəticələrin artmasına gətirib çıxarar. PHŞ-lər şəklində fəaliyyət göstərən tibb mərkəzlərində tibbi kadrlardan səmərəli istifadə, modernləşmə, maddi texniki bazanın yaxşılaşması bu müsbət tendensiyaları sitimullaşdırır.
Düşünürəm ki, tibb müəssisələrində ştat vahidlərinin formalaşmasında vahid elmi əsaslara söykənən yanaşma, digər neqativ tendensiyaların qarşısının alınmasında mühüm rol oynayardı. Səhiyyə Nazirliyinin ölkə paytaxtında fəaliyyət göstərən PHŞ olmuş müəssisələri ilə yanaşı, regionlarda fəaliyyət göstərən müəssisələrinin PHŞ-lərə çevrilməsi, mühüm əhəmiyyət kəsb edir. Beləliklə, İTSF-da toplanan kifayət qədər böyük vəsaitə TƏBİB-in, Səhiyyə Nazirliyinin və özəl tibb qurumlarının eyni dərəcədə əlcatanlığının təmin edilməsi, bir rəqabət mühitinin formalaşmasına gətirib çıxarar, bu da əhaliyə keyfiyyətli tibb xidmətinin göstərilməsi ilə nəticələnərdi. Ölkədə fəaliyyət göstərən bütün tibb müəssələrinin İTSF-da olan vəsaitlərə çıxışının asanlaşdırılması bu müəssələrdə çalışan həkimlər və digər tibb işcilərinin maaşlarının artırmasına və bu müəssisələrin maddi-texniki imkanlarının artmasına bir stimul yaradardı. Bu həm də təsdiq olunmuş İTSF-nin büdcəsində nəzərdə tutulmuş (2024 cü ildə 393 mln ) vəsaitin səmərəli istifadəsinə gətirib çıxarardı.
Bütün bunlarla yanaşı, tibb müəssisələrinin maddi texniki bazasının yaxşılaşdırılması və ilkin səhiyyə xidmətinin modernləşdirilməsi istiqamətində atılan addımlar, tibb işcilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, səhiyyə islahatlarının daha da uğur qazanmasına əminliyi artırır”.
Mürtəza
Ölkə.Az