AZ

İrəvandan Bakıya şübhəli zənglər- itkin Həsən Cəfərovun anası dəhşətli həyat hekayəsi danışır...

Image

Xanım Cəfərova: “Günlərin birində İrəvandan bizə zəng gəldi, zəng edən adam dedi ki, oğlun Həsən mənim əlimdədir”

Yollarınmı bağlıdır? 

Balam, sinəm dağlıdır.

Hər gün yola baxıram

Yollar qəm soraqlıdır...

Nə danışır, nə dinir

Ayrılıq məni yenir.

Bircə gəl, sənə qurban 

Qayıt ananı dindir. 

Xanım ananın oğlu Həsən 1993-cü il iyul ayının 3-də müharibəyə gedib, həmin ayın 28-də isə onun itkin düşdüyü barədə xəbər gəlib. Həmin gündən də ananın ağrılı, intizarlı günləri başlayır, hər dəqiqəsi, hər günü ağlamaqla, balasını soraqlamaqla keçir. Söhbət Birinci Qarabağ müharibəsində itkin düşən, hələ də barəsində heç bir məlumat olmayan Cəfərov Həsən Nurəddin oğlundan gedir. Həsən Cəfərov Tərtər rayonunun Marquşevan, Levinar kəndləri, Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib, Tərtər rayonu  ərazisində itkin düşüb.  

Mədəniyyət Nazirliyi  Respublika Xatirə Kitabı Redaksiyası Dövlət Təhlükəsizlik Xidmətinin əsir və itkin düşmüş, girov götürülümüş vətəndaşlarıa əlaqədar Dövlət Komitəsi ilə birlikdə dörd cilddən ibarət xüsusi buraxlış ərsəyə gətirib. Azərbaycan və ingilis dillərində olan nəşrdə əsir və itkin düşmüş, götürülmüş vətəndaşlarımız barədə məlumat öz əksini tapıb. Burada Cəfərov Həsən Nurəddin oğlu barədə də məlumat var. 

Sözügedən nəşrin IV cildində onun barəsində yazılır: “Cəfərov Həsən Nurəddin oğlu 20 aprel 1975-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuşdu. Hərbi xidmətə qəədr Gəncə şəhərində yaşamışdır. Gəncə ŞHK tərəfindən hərbi xidmətə çağrılmışdı. Hərbiçi Cəfərov Həsən Nurəddin oğlu Azərbaycan Respublikasının  ərazi bütövlüyü uğrunda Ermənistan Silahlı Qüvvələri və onların dəstəklədiyi separatçı hərbi birləşmələrə qarşı həyata keçirilən döyüş əməliyyatları zamanı 3 iyul 1993-cü ildə Tərtər rayonu ərazisində itkin düşmüşdür. 

Dövlət Komissiyasının apardığı araşdırma nəticəsində müəyyən edilmişdir ki, Cəfərov Həsən Nurəddin oğlu3 iyul 1993-cü il tarixində Tərtər rayonun Göyarx kəndi ərazisində erməni silahlı birləşmələrinə qarşı həyata keçirilən hərbi əməliyyatlar zamanı nəməlum şəraitdə itkin düşmüşdür. Cəfərov Həsən Nurəddin oğlunun sonrakı taleyi barədə məlumat yoxdur”. 

Birinci Qarabağ müharibəsində itkin düşən Həsən Cəfərovun anası Cəfərova Xanım Məmməd qızı ilə Respublika Xatirə Kitabı Redaksiyasında görüşüb müsahibə götürdük. “Oğlum 1993-cü il iyulun 3-də müharibəyə gedib, ayın 28-də isə itkin xəbəri gəlib. Aradan bir aymı, iki aymı keçdi, günlərin birində İrəvandan bizə zəng gəldi, zəng edən adam dedi ki, mən İrəvanda Çörək zavodunun direktoruyam, adım Mobil müəllimdir. Onun söhbətindən məlum oldu ki, qardaşı və qardaşı oğlu müharibədə biz tərəfə əsir düşüb,   Qobustanda saxlanılır. O deyəndə ki, oğlun Həsən əsir düşüb, mənim əlimdədir, sözün düzü, məni dəhşət götürdü ki, necə ola bilər mənim oğlum ermənilərə əsir düşər? Dedi oğlun bizim əlimizdədir, mən İrəvanda Çörək zavodunun direktoruyam, özüm də Gəncədə olmuşam, orda yaşamışam. O zaman Gəncəyə “Kirovabad” deyirdilər. Həmin adam “qardaşımı demirəm, əgər qardaşımın oğlunu alıb mənə versəniz mən sizin oğlunuz Həsəni Gürcüstan vasitəsilə evinizə göndərəcəyəm. Bax, oğlunuz mənim yanımdadır” - dedi. Anası ölmüş balam səsini çıxardı, (ağlayır) dedi ki, qara qız, mən buradayam, bunlar nə desə siz onu edin. Oğlum məni ləqəbimlə “qara qız” deyə çağırırdı. Mən də inanmadım, dedim ki, bəlkə aldadırlar. Həmin kişi dedi ki, inanmırsan, amma istəyirsən sizin bütün ailə üzvlərinin adını bir-bir deyim. Dedi Cəfərova İntizar, Cəfərova Gülnarə, Cəfərova Fəridə, Cəfərova Xəyalə qızlarındır, Cəfərov Vüsal oğlundur, yoldaşının adı Nurəddindir, öz adın da Xanımdır, amma ləqəbin qara qızdı. Dedim bəli. Dedi istəyirsən oğlunun nişanlısının adını da deyim, adı Səidədir. Gördüm ki, bu artıq hamısını dəqiq deyir. “Siz mənim qardaşım oğlunu Qobustan həbsxanasından çıxartdırıb mənə verin, mən də sizin oğlunuzu gətirim Gürcüstana gəlin götürün. Amma mənim qardaşım oğlunun başına bir iş gəlsə siz də oğlunuzdan əlinizi üzün, bir daha onun üzünü görə bilməzsiniz” - dedi o adam. İrəvandan gələn zəngin üstündən bir həftə keçər-keçməz, biz Bakıya Murtuz Ələsgərovun yanına gəldik, o, anamla əmi qızı, əmioğludur. Murtuz müəllimin yanına getdik əhvalatı danışdıq ki, hal-qəziyyə belədir, kömək edin. Qobustanda yatan erməni əsir də deyəsən öz general əmisi ilə Salatın Əsgərovanı “Villis” maşınında öldürmüşdü. Bu dəqiqdirmi deyə bilmirəm, eşitdiyimi deyirəm. Murtuz müəllim dedi ki, o əsirlər dövlət əlindədir, biz heç cür onları verə bilmərik, bu işə qarışa bilmərik, bu işə Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi kimi dövlət qurumları qarışa bilər. Dedi ki, mən o əsiri alıb gətirib sizə verə bilmərəm, əsir əsirdir. Biz əlacsız Bakıdan Gəncəyə qayıtdıq. Bir gün gecə saat 1-2 olardı, İrəvandan bizə zəng gəldi ki, siz əsiri alıb bizə vermədiniz, Qızıl Xaç Cəmiyyəti bizim oğlanın meyitini gətirdi, qardaşım oğlunun meyiti gəldiyi üçün siz daha Həsəndən əlinizi üzün. Həmin adam dedi ki, qardaşımın oğlu öləndən sonra mən sizin oğlunuzu sağ qoymaram, o necə öldüsə elə də Həsən ölməlidi. Nə qədər ağladım, yalvardım. Dedi ki, yox. O gün bu gün düz 1993-cü ilin oktyabr ayından sonra Həsəndən bir xəbər ala bilmədik. Zəng də kəsildi, əlaqə də”.

Ana deyir ki, 1993-cü ilin oktyabrından sonra Həsəndən bir soraq ala bilməyiblər, amma oğullarını arayıb-axtarmaqdan da əl çəkməyiblər. “Bu zəng kəsiləndən sonra vaxtaşırı Qızıl Xaç Cəmiyyətinə Elnur müəllimin yanına gəlirdim. Sonuncu dəfə üç-dörd ay bundan əvvəl getdim ki, Elnur müəllim, sənə qurban, istəyirsən ölüsü, istəyirsən dirisi, istəyirsən sümüyü, nə olsa verin. Neçə il necə dözmüşəmsə yenə də dözərəm, amma övladımın nəşini verin. İndi də Milli Məclisə gedirik. Bəzi vəzifəlilər bizim sözlərimizi eşitmək istəmirlər. Təəssüf ki, müəyyən hallarda vəzifəli şəxslər Birinci Qarabağ müharibəsi şəhidləri ilə İkinci Qarabağ müharibəsi şəhidləri arasında fərq qoyurlar, ayrıseçkilik edirlər. Əlimizdə bir sənədimiz yoxdur ki, övladımın şəhid olduğunu sübut edək. Oğlum, qızım bir yana gedib deyəndə ki, şəhid qardaşıyam, yaxud şəhid bacısıyam, onlara “sənəd göstərin sizə inanım” deyirlər. Çünki hələ oğlum Həsənə  şəhidlik statusu verilməyib. Övladlarımıza şəhidlik statusu verilmədiyi üçün Milli Məclisə gedib-gəlirik ki, bizə sənəd versinlər. Bir mənəm. Mən də ölsəm bu işlə kim maraqlanacaq? Altı uşaq anasıyam, böyüyüm Həsən idi. 1975-ci ildə doğulub Həsən. Mən onun şəhid olduğunu da, sağ olduğunu da bilmirəm. Amma hiss edirəm ki, Həsən sağdır və hər gün yolunu gözləyirəm, birdən qəfil gələcəyinə inanıram.  Bilirsiz sağ olduğuna niyə inanıram? Biz hər həftə Gürcüstana gedirdik, yoldaşım nə qazanırdısa hamısını Həsəndən soraq almaq yolunda xərcləyirdik. 

Düzdür, mən özüm də Gəncədən Ali Sovetin deputatı, Gəncə üzrə Qadınlar Şurasının sədri olmuşam. Mən heç vaxt evə rüşvət gətirməmişəm. Ulu öndərimiz mənə həmişə deyirdi ki, çoxuşaqlı ana olmağına çox sevinirəm, gənc anasan, heç vaxt rüşvətlə, qohumbazlıqla işin olmasın, heç vaxt ətrafına qohum yığma, rüşvətin axırı türmədir və sair. Həmişə sessiyalara gedirdim Bakıya. 1993-cü ildə oğlumun itkin xəbəri çıxanda hər şeyi təhvil verdim, istəmədim. Anası ölmüş Azərbaycan çempionu idi, həm cüdo, həm qaydasız döyüşlə, həm kinqboks, həm karate ilə məşğul olurdu. İnamazdım ki, mənim oğlum əsir düşə bilər. Həsən Gəncədə “stroybat”da xidmət edirdi, öz şəhərimizdə əsgərlik çəkirdi, müharibəyə ordan apardılar. 1975-ci il aprelin 20-də doğulmuşdu, elə 1993-cü ilin aprelin 20-də də əsgərliyə getdi. Nişanlı idi. Nişanlısı sonradan ailə qurdu və oğluna Həsənin adını verdi. Anayam, gedib dedim ki, Səidə olmaz, adını qoymağını istəmirəm...

Deyirlər ki, şəhid yaxşıdır, çünki məzarının yerini bilib gedib üstündə ağlayırsan. Amma itki ağırdır, çox ağırdır. Hər dəqiqə gözüm yoldadır (ağlayır). Həsənə görə evimizi də satdıq ki, bəlkə Gürcüstan vasitəsilə meyitini alaq. Bir xəbər öyrənmək üçün Gürcüstana, Sadaxlıya gedirdik, pullar tökürdük ki, bəlkə Həsəndən bir soraq ala bildik. Ermənilər Gürcüstanda bizdən 15 min rus rublu istədilər ki, pulu verin, oğlunuzu tapıb gətirək. Gedənə pul verirdik ki, bəlkə oğlumuzdan bir xəbər gətirələr.

İndi fikirləşirəm ki, bəlkə yaşayır, sağdır, qayıdıb gələcək, bəlkə nəşi gələcək, bilmirəm. 65 yaşındayam, az yaşım yoxdur (ağlayır). Qırmızı Xaça gedirəm deyirəm ki, “Elnur müəllim, hər xəbərə hazıram, heç olmasa oğlunun meyiti tapılıb de”. Meyitinin gəlməsinə də razılaym, təki bir soraq ala bilim. Amma daha çox sağ olduğuna inanıram. Çünki mənə demişdilər ki, yaşlıları öldürürlər, amma cavan, güclü əsir əsgərləri saxlayıb həyətlərində işlədirlər. Ona görə  hələ də Həsənin sağ olduğuna gümanım var. 50 yaşı olacaq balamın. Mən onun yaşını keçirmirəm, qızlar keçirir. O gedəndən ən sevdiyi yeməkləri bişirmirəm. Aşı və qayğanağı çox sevirdi. Mən hələ o yeməkləri qazana salmamışam. Ona görə də çox istəyirəm ki, oğlumdan bir xəbər biləm (ağlayır). Bəlkə də evləndiriblər, uşağı var atıb gələ bilmir, üzə çıxmır. Balam nə ölü, nə diri kitabında çıxmır. Qırmızı Xaçda deyirlər ki, əsirlikdən geri qayıdanları danışdırırıq, kimi görmüsünüz? Amma Həsəni gördüm deyən olmur. O adam Həsəni evində işlədirdi. Bəlkə öldürüb, bəlkə də ailə qurdurub. Bilmirəm, hər şey sirrdir, müəmmadır”.

Xanım Cəfərova bildirdi ki, 31 ildir oğlunun yolunu gözləyir. Ana istəyir ki, heç olmasa oğluna şəhidlik statusu verilsin və bəlkə bu ona bir az təsəlli oldu. İnanırıq ki, Xanım Cəfərova və oğlu, qardaşı, yaxını itkin düşənlərin səsinə əlaqədar qurumlar cavab verəcək və itkinlərimizə şəhidlik statusu verəcəklər...

İradə SARIYEVA






Seçilən
18
baki-xeber.com

1Mənbələr