AZ

Gürcüstanda növbəti prezident seçkilərinin vaxtı təyin olundu

Gürcüstanda növbəti prezident seçkiləri dekabrın 14-də keçiriləcək.

Bu barədə qərarı noyabrın 26-da yeni seçilmiş parlament qəbul edib. Qərar hakim “Gürcü arzusu” partiyasının 80 səsi ilə qəbul edilib. Parlamentə daxil olan digər siyasi hərəkatlar oktyabrın 26-da keçirilən seçkilərdə saxtakarlıq edildiyini iddia edərək iclasa gəlməyiblər. Yeni parlamentin sədri Şalva Papuaşvili xatırladıb ki, 2017-ci ildə dəyişdirilmiş konstitusiyaya əsasən, prezidenti ölkənin bütün vətəndaşları deyil, 300 nəfərdən ibarət seçki komissiyası seçəcək. Onlardan 150-si hazırkı parlamentin, 21-i Acarıstan Ali Şurasının, 20-si Abxaziya Ali Şurasının üzvüdür, qalan 109-u isə şəhər şuralarının üzvləri arasından seçiləcək.

Papuaşvilinin sözlərinə görə, namizədi seçmək üçün dekabrın 14-də toplanacaq komissiya ona səslərin 2/3-ni verməlidir. Namizəd uğursuz olarsa, həmin gün keçiriləcək ikinci tur təyin olunacaq. Konstitusiyanın keçid müddəası 2018-ci ildə seçilən prezidentin 6 il müddətinə mandat almasını nəzərdə tutur.

Müvafiq olaraq, hazırkı dövlət başçısı Salome Zurabişvilinin səlahiyyətləri dekabrın 16-da başa çatır. Gürcüstanın yeni prezidentinin andiçmə mərasimi dekabrın 29-da baş tutacaq.

//Samir Qurbanov, Editor.az

 

Seçilən
11
editor.az

1Mənbələr