İşğaldan azad edilmiş Qarabağda faydalı qazıntı işlərinə cəlb edilən Türkiyə şirkətləri Azərbaycanın illik qızıl istehsalının 1,7 faiz artmasına töhfə veriblər.
News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin “Patronlar dünyası” nəşri yazıb.
Bildirilib ki, xüsusən qızıl mədənləri ilə zəngin olan Kəlbəcərdə 413 ton, Zəngilanda isə 6,5 ton qızıl var:
“Söyüdlüdə (Zod-red.) isə 112,5 ton qızıl ehtiyatı var. Ağduzdağ və Tutxunun ehtiyatları 13 tondan artıqdır. Ağduzdağ yatağı qızıl tərkibli kvars və kvars-karbonat ehtiyatı ilə diqqət çəkir.
Digər tərəfdən, rayondakı Elbəydaş və Qaşqaçay yataqları Murovdağ dağ silsiləsində yerləşir və zəngin mineral ehtiyatlara malikdir”.
Nəşr xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci ildə Qaşqaçay, Elbəydaş və Akduzdağ filiz yataqlarının ekspertizası, kəşfiyyatı və istismarı ilə bağlı bəzi məsələləri tənzimləyən sərəncam imzalayıb. Sərəncama əsasən, yerin təkindən istifadə sahəsində münasibətləri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq Qaşqaçay filiz yatağı “Eti Bakır A.Ş.” şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqları “Artvin Maden A.Ş.” şirkətinə öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün 30 il müddətinə müqavilə əsasında istifadəyə verilib.