UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunun “Brest”lə ev oyunu “Barselona”nın hücumusu Robert Levandovski üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, “blauqrana”nın 3:0 hesabı ilə qələbə qazandığı oyunda polyak hücumçu dubla imza atıb.
Beləliklə, Levandovski Çempionlar Liqası tarixində 100-cü və 101-ci qollarını rəsmiləşdirib.
Xatırladaq ki, Levandovskiyə qədər Çempionlar Liqasında 100 qol həddinə çatıb ötmək yalnız iki futbolçuya müyəssər olub: Portuqal ulduz hücumçu Kristiano Ronaldo və argentnalı ulduz hücumçu Lionel Messi. Ronaldo Çempionlar Liqasının ən sərrast qolçusudur, portuqal hücumçu 183 oyunda 140 qol vurub. Messi isə ən sərrast qolçuların siyahısında 2-ci pillədə yer alıb, “Leo” 129 oyuna 163 qol vurub. Levandovski isə 101 qolunu 125 oyunda vurub.
Polyak hücumçu tarixi uğurunu şərh edib: “Dəlicəsinə xoşbəxtəm. 100 gözəl rəqəmdir, amma mən artıq 101 qol vurmuşam. Uzun illər əvvəl Çempionlar Liqasında 100-dən çox qol vura biləcəyimi heç düşünməzdim. Kristiano və Messi ilə eyni dəstədə olmaq əladır!” – “Marca” nəşri Levandovskidən sitat gətirir.
Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.
Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 19 oyuna çıxıb, 22 qol vurub və 2 məhsuldar ötürmə verib.
Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 114 oyun, 81 qol və 19 məhsuldar ötürmədən ibarətdir.
Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.
Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 156 oyun keçirib, 84 qol vurub, 35 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.
“Transfermarkt” internet-portalı 36 yaşlı polyak hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.