AZ

Hüquq müdafiəçisi: "Fazil Qasımov işgəncələrə məruz qalıb"

"Alimin əl-ayağını bağlayıblar, başını tam şəkildə qırxmağa çalışıblar”

İstanbul Universitetinin azərbaycanlı doktorantı, 2023-cü ilin avqustunda Türkiyədə saxlanılaraq Bakıya gətirilən və həbs edilən Fazil Qasımovun noyabrın 16-da Penitensiar Xidmətin Müalicə Müəssisəsində işgəncəyə məruz qaldığı bildirilir. 

Bu barədə Meydan TV-yə "Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov məlumat verib.

Hüquq müdafiəçisi bildirib ki, bir neçə gün əvvəl Fazil Qasımov ailə üzvlərilə telefonla danışarkən ingilis dilində fikirlər səsləndirib. Bu zaman onun telefon danışığı yarımçıq kəsilib.

Özünü də aparıb, işgəncə veriblər: "Fazil Qasımov ingilis dilində ailə üzvlərindən xahiş edib ki, ilyarım ərzində başına gətirilənlərlə bağlı səsi yayılsın, onun bu vəziyyətdən qurtulması üçün kömək istənilsin. Onun danışığını dərhal dayandırıblar. O tələb edib ki, ailəsilə ünsiyyət hüququ bərpa olunsun. Hüququnu bərpa eləmək əvəzinə özünü sürüyə-sürüyə aparıblar. Əynindəki paltarları cırıblar. Bunu eləyən də mayor Cəlal Əlizadə olub”.

Hüquq müdafiəçisinin sözlərinə görə, bir gün sonra Cəlal Əlizadə Fazil Qasımovu Müalicə Müəssisəsində vəkillərlə görüş otağına aparıb. Orada alimin əl-ayağını bağlayıblar, başını tam şəkildə qırxmağa çalışıblar. Bu zaman Fazil Qasımov etiraz edərək, möhkəm qışqırıb: "O qədər möhkəm qışqırıb ki, burnundan qan gəlib. Onun səsinə ətrafdan dustaqlar və əməkdaşlar toplaşıb. Burnundan gələn qanı saxlamaq mümkün olmayıb, məcbur olub həkim çağırıblar. Fazil Qasımovu üst-başı qan içində yenidən aparıb kameraya salıblar”.

Rüfət Səfərov əlavə edib ki, Fazil Qasımovla yaxşı münasibətləri olan, ona yardın edən dustaqları buna görə cəzalandırırlar. İki nəfər dustağın müalicəsini buna görə yarımçıq dayandırıb, onları istintaq təcridxanasına geri qaytarıblar.

Uzunmüddətli aclıq nəticəsində sağlamlığında kəskin problemlər yaranan Fazil Qasımovun özünü də Kürdəxanıya – Bakı İstintaq Təcridxanasına qaytarıblar: "Yazılı qeydlərini, vəsatətlərini zorla əlindən alıblar, döyüblər və yarımcan halda, Müalicə Müəssisəsindən Kürəxanıdakı istintaq təcridxanasına qaytarıblar”.

Hüquq müdafiəçisi Ombudsman Səbinə Əliyevaya müraciət edərək, alimə qarşı baş verənlərə biganə qalmamağa, işgəncə hallarına göz yummamağa çağırıb.

Rüfət Səfərov xatırladıb ki, Fazil Qasımov Türkiyədə saxlanılaraq Azərbaycana gətiriləndən sonra Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində qeyri-insani rəftara məruz qalıb.

"Heç bir təqsiri, cinayəti olmayan, işıqlı, bilikli, ölkə və cəmiyyət üçün böyük faydalar verə biləcək insanın karyera, fəaliyyət və sağlamlığını alt-üst etdilər. Daha əvvəl "banditizm”də qan donduran zorakılıqlara məruz qoyub, bədəninə tok verdilər, başını unitaza soxub, sidiyin və nəcisin içində sürüdülər, ləyaqətini alçaldıb, professor Qubad İbadoğlunun əleyhinə saxta ifadələr aldılar. Hakimiyyət, daha konkret desək, Penitensiar Xidmət gənc iqtisadçı alim Fazil Qasımova qarşı zorakılığı davam etdirməkdədir”, – Rüfət Səfərov bildirib.

Hüquq müdafiəçisi əlavə edib ki, Fazil Qasımov 5 ay yarımdır aclıq edir. 

O, qida qəbulundan imtina edib, yalnız su içir. Bəzən də bal ilə qarışdırılmış su qəbul edir ki, bu müddətdə sağ qalmasının səbəbi budur.

Penitensiar Xidmət həbs yerlərində saxlanılan şəxslərə qarşı zorakılıqlarla bağlı deyilənləri təkzib edir, onların qanunda nəzərdə tutulan bütün hüquqlarının təmin olunduğunu iddia edir.

Fazil Qasımov Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) keçmiş sədri, iqtisadçı Qubad İbadoğlu ilə eyni cinayət işi üzrə təqsirləndirilərək həbs olunub.

Öncə 2024-cü il iyulun 23-də Qubad İbadoğlu saxlanılıb, avqustun 8-də isə Fazil Qasımov İstanbulda saxlanılaraq gətirilib.

Onların hər ikisinə Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb. 

İddia olunub ki, Qubad İbadoğlu tutulduğu gün onun ofisindən 40 min dollar pul tapılıb, bunun da bir hissəsi saxta olub. İttihama görə, saxta pulları da o, Türkiyədən gətirib.

Təqsirləndirilən iqtisadçı bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur və ora polislərin özləri yerləşdirib, sonra da götürüblər.

Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra binadan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.

O, aprelin 22-də həbsdən buraxılıb. 

Ev dustaqlığına buraxılandan təxminən 20 gün sonra – mayın 14-də sədri olduğu Azərbaycan Demokratiya və Rifah Partiyasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

ADR İdarə Heyəti partiyanın fəaliyyətini dayandırmasını qeydiyyata alınmamasıyla izah edib.
Seçilən
28
arqument.az

1Mənbələr