AZ

Gökpınar gölü: Türkiyənin gizli cənnəti 

Türkiyənin zəngin tarixi, bənzərsiz mədəni irsi və möhtəşəm təbiət mənzərələri hər il milyonlarla turisti özünə cəlb edir.

Modern.az xəbər verir ki, xarici qonaqların marağına səbəb olan təbiət gözəlliklərindən biri də Sivasın Gürün rayonunda yerləşən Gökpınar gölü təbiətsevərlər üçün sanki gizli bir cənnətdir. Gürün bölgəsi təbiət baxımından nadir yerlərdən biridir. Burada yerləşən Gökpınar gölü şəffaf və təmiz suyu ilə hər kəsi özünə heyran qoyur. Gölün ən diqqətçəkici xüsusiyyətlərindən biri isə suyun rənginin Günəşin bucağına görə dəyişməsidir. Gölün maviliyi, ona bu adın verilməsinə səbəb olub. Göl iki əsas hissədən ibarətdir: Kiçik göl alabalıq istehsalı, Böyük göl isə turistik ziyarətlər üçün nəzərdə tutulub.

Gökpınar gölünün əfsanəsi

Hər təbii gözəlliyin bir əfsanəsi olur. Gökpınar gölünün də özünə məxsus bir əfsanəsi var. Deyilənə görə, bir gün çoban Gökpınar gölünün yaxınlığında qoyunlarını otararkən qəribə bir səs eşidir. Bu səslər onu qorxudur və dərhal qoyunlarını götürərək ərazidən uzaqlaşmağa başlayır. Lakin çoban geriyə baxanda, Gökpınar gölünün su ilə dolduğunu və gözəl bir gölə çevrildiyinin şahidi olur.

Gürünün gizli cənnətinə gedən yol...

Gökpınar gölü Sivasın Gürün rayonunda yerləşir və mərkəzdən cəmi 10 km uzaqlıqdadır. Lakin Sivasın mərkəzindən bu möhtəşəm təbiət gözəlliyinə çatmaq üçün 146 km yol qət etmək lazımdır. Hər il yüzlərlə insan bu təbii ərazini ziyarət etmək üçün müxtəlif nəqliyyat vasitələrindən istifadə edir.

Sivasın Gürün mahal mərkəzindən, Kayseri-Malatya yolu üzərindəki Çayboyu məhəlləsindən Gökpınar gölünə doğru getmək mümkündür. Gökpınar gölü həmçinin şəxsi avtomobil, mikroavtobus və ya taksi ilə də asanlıqla ziyarət edilə bilər. Əlavə olaraq, Sütatı ərazisindən piyada gedərək bu gözəlliyə çatmaq mümkündür, lakin bu, həm uzaq məsafə, həm də yolu yaxşı tanımağı tələb edir.

Gökpınar gölü hər kəsin təbiətlə baş-başa qalmaq və sadəcə gözəlliyinə qapılmaq üçün mükəmməl bir məkandır. Bu gözəl gölü ziyarət edən hər kəs, sanki təbiətin sükunətində itir, ruhunu dincəldir.

Səadət Hakıyeva

Seçilən
0
19
modern.az

10Mənbələr