Hurriyyet.az xəbər verir ki, Gürcüstan prezidenti postuna namizəd Mixail Kavelaşvili öz missiyasını açıqlayıb. O, prezident institutunu Konstitusiya çərçivəsinə qaytarmaq və ictimaiyyəti milli maraqlar ilə müstəqillik ideyaları ətrafında birləşdirmək niyyətində olduğunu bəyan edib. Bu barədə "Sputnik Gürcüstan" informasiya agentliyi məlumat verib.
Xəbər verdiyimiz kimi, hakim "Gürcü arzusu" partiyasının siyasi şurası Kavelaşvilinin prezident postuna namizədliyini dəstəkləyib. Qərarı partiyanın fəxri sədri Bidzina İvanişvili səsləndirib.
Kavelaşvili deyib: "Sözsüz ki, mən Gürcüstan Prezidenti mövqeyinin nə qədər məsuliyyətli olduğunu dərk edirəm. Xüsusilə də indiki prezidentin bizim əsas qanununumuzu - Gürcüstan Konstitusiyasını təhqir etməsi və saymaması, bu gün də pozmağa davam etməsi fonunda".
Kavelaşvili bu gün cəmiyyətin cəbhələşmə vəziyyətində olduğunu, bədxah "dostların" isə ölkədə qütbləşməni və radikallaşmanı gücləndirib qızışdırdıqlarını qeyd edib.
Hürr Tərcüman