AZ

Azərbaycanda 1500 orta məktəbi ləğv etməyin heç bir alternativi yoxdur?

Image

Azərbaycanda 1500 məktəbin bağlanması planlaşdırılır. Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin ötən iclasında deyib. O qeyd edib ki, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500 məktəbin bağlanılması planlaşdırılır.

O qeyd edib ki, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq”.

Xatırladaq ki, bir neçə gün əvvəl elm və təhsil naziri Emin Əmrullayev bəzi məktəblərin komplektləşdiriləcəyini bildirib. O çıxışında vurğulayıb ki, rasionallaşmaya ehtiyac var, ağrılı proses olsa da, biz buna getməliyik.

Azərbaycanda məktəblərin bağlanmaması üçün hansı addım atılmalıdır? 

İlham Əhmədov: “Bu gün məktəbin bağlanması, kənddə məktəbin olmaması sabah kəndin özünün olmaması deməkdir”

Təhsil eksperti İlham Əhmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib ki, təhsil sahəsinin ən böyük problemi komplektləşdirilmiş məktəblərin sayının az olmasıdır: “4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır. Və qəti sözünü deyib: rasionallaşmaya getməliyik. 

Bəli, rasionallaşmaya getməliyik. Amma məktəbləri bağlamaqla yox. Bu gün məktəbin bağlanması, kənddə məktəbin olmaması sabah kəndin özünün olmaması deməkdir. Daha Bakıda ayaq basmağa yer qalmayıb. Maraqlıdır, necə olur ki, təhsilin büdcəsi 1 milyard olanda bu 1500 məktəbi 20-25 il saxlamaq mümkün oldu, indi təhsilin büdcəsi 5 milyard olanda bu mümkün olmadı?

Bu yolla qənaət edilən pullar elm və təhsilin inkişafında hansı mühüm problemlərinin həllinə xidmət edəcək ki, bunun naminə 1500 məktəb bağlanılır?  Qənaət edilən pullara  1500 avtobus alınacaqsa, bunun nəyi rasionallaşma olacaq, ondansa məktəblərin saxlanılması daha düzgün olardı. 

Bu 1500 məktəbin neçəsi son 20 ildə tikilib? Əlavə olaraq neçə modul tipli məktəb də tikildi, bəs bu tikilən məktəblər necə olsun? Bura neçə yüz milyonlar sərf edilib? Niyə belə israfçılıq edirik ki?”

Ekspertin sözlərinə görə, bu problem 15 il əvvəl də vardı. Onda da bu məsələ gündəmə gəlmişdi. Ucqar məktəbləri bağlamaq, əvəzinə qonşu kəndin məktəbinə avtobus almaqla məsələni həll etmək istəyirdilər: “O vaxt da biz bu mövzuda məqalələr  yazdıq. O vaxt məmurlar anladılar ki, qışda narahat dağ yolları ilə 1500 məktəbin 100.000 şagirdini hər gün palçıqlı və sürüşkən yollarda,  avtobuslarla 5-10 km. məsafədə olan qonşu kəndə və geriyə daşımaq böyük riskdir, bu məsuliyyətli addımı atmadılar.  Bu məqsədlə 1500 avtobus almaq, hər gün bunlara benzin tökmək, 1500 sürücüyə maaş vermək - bu da rasionallaşmaya aiddirmi? Həqiqətən də 5 milyardlıq təhsil büdcəsindən bu məktəblərin saxlanmasına pul çatmırsa, onda başqa xərcləri azaldın, təhsilə aidiyyəti olmayan xərclərə qənaət edin, məsələn, məktəbə heç bir faydası olmayan məktəblinin dostlarına (MD) xərclənəcək milyonları kənd məktəblərinin saxlanmasına yönəldin. Hansı daha vacibdir dövlət üçün? 100000 şagirdin və 15-20 min müəllimin taleyi, yoxsa MD-larının məşğulluğu  problemləri? Onlara başqa  sektorlarda daha faydalı və perspektivli iş də tapmaq olar. Bir çox ölkələr ucqar kəndlərdə məktəb problemini innovasion yolla həll ediblər, özü də çoxdan. Bu problemin həllinin mümkün yolu belədir: Azkomplektli məktəblər yaratmaq, bu məktəblərdə hibrid təhsil - bütün siniflərdə müəllimin nəzarəti ilə sinifdə distant təhsilin təşkili. Bu halda məktəbdə 32 yox, 10-11 müəllimə ehtiyac olacaqdır. Bu halda bir sinfə ildə 25000 manat yox, xeyli az xərc gedəcəkdir. 1500 avtobusa və onların gündəlik benzininə verilən pula isə ölkədə ümümtəhsi sistemi üçün normal distant təhsil qurmaq olar. Bundan nəinki ucqar dağ kəndlərinin məktəbləri, eləcə də şəhər məktəbləri istifadə edə bilər. Bu halda həm də 1500 məktəbi bağlanmaqdan, 1500 kəndi boşalmaqdan, 15-20 min müəllimi işsizlikdə, uşaqları təhlükəli yol məcaralarından xilas etmək olar. Bu addım həm də regionların, ucqar kəndlərin yaşamasına, onların gələcəkdə inkişafına dəstək ola bilər. Necə deyərlər …. “çobanın meyli olsa, təkədən pendir tutar". Əgər nazirlik belə bir düzgün seçim etsə, buna qərar versə, bu proseslərin yol xəritəsini təqdim edə bilərik”.

Kamran Əsədov: “Şagird sayı az olan məktəbləri bağlamaq yerinə, onların mərkəzləşdirilməsi, daha iri məktəblərlə birləşdirilməsi və ya yeni təhsil modelləri tətbiq edilməlidir”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, məktəblərin bağlanması məsələsi yalnız iqtisadi qərar deyil, həm də sosial, mədəni və ideoloji təsirləri olan həssas bir məsələdir. Azərbaycanda xərclərin optimallaşdırılması məqsədilə 4400 məktəbdən 1500-nün bağlanması planlaşdırılır. Bu qərar, xüsusilə kənd rayonlarında, dağlıq və dağətəyi ərazilərdə yerləşən məktəbləri əhatə edir: “Lakin məktəblərin bağlanması təhsilin əlçatanlığı, şagirdlərin rifahı və regionların sosial-iqtisadi inkişafı baxımından ciddi problemlər yarada bilər.  Azərbaycanda məktəblərin bağlanması əsasən şagird sayının azalması ilə izah edilir. Əhalinin kəndlərdən şəhərlərə və ya xarici ölkələrə kütləvi köçü nəticəsində bəzi kənd məktəblərində siniflərdə şagird sayı azalır. Məktəblərin saxlanılması üçün ayrılan vəsait bu şərtlərdə səmərəsiz görünə bilər. Lakin bu vəziyyətin yalnız iqtisadi yanaşma ilə həlli mümkün deyil. Məktəb yalnız təhsil müəssisəsi deyil, həm də kəndlərdə sosial və mədəni həyatın mərkəzi, əhali üçün motivasiya mənbəyidir. Onların bağlanması əhalinin həmin əraziləri daha da sürətlə tərk etməsinə gətirib çıxara bilər. Bu proses isə kəndlərin boşalması və demoqrafik tarazlığın pozulması ilə nəticələnə bilər. Dağ rayonlarında məktəblərin bağlanması xüsusi narahatlıq doğurur. Bu bölgələrdə coğrafi şəraitin çətinliyi, nəqliyyat və infrastruktur problemləri təhsilə çıxışı daha da çətinləşdirir. Şagirdlərin daha uzaq məsafələrdəki məktəblərə daşınması nəzərdə tutulsa da, bu proses yetərli səviyyədə təşkil edilmir. Köhnə mikroavtobuslarla həyata keçirilən daşınma təhlükəsizlik və rahatlıq baxımından standartlara uyğun deyil. Qış aylarında yolların sürüşkən olması, qarla bağlanması və avtobusların müntəzəm işləyə bilməməsi isə şagirdlərin məktəbə davamiyyətini daha da çətinləşdirir. Bu vəziyyət valideynləri övladlarını məktəbə göndərməkdən çəkindirir və erkən təhsildən yayınma hallarını artırır. Məktəblərin bağlanması yalnız şagirdlər üçün deyil, həm də müəllimlər üçün ciddi problemlər yaradır. Bağlanan məktəblərdə çalışan müəllimlərin iş yerlərinin itirilməsi və ya digər məktəblərdə işlə təmin olunmaq üçün uzaq ərazilərə köçməsi tələb olunur. Bu, müəllimlərin ailə və sosial mühit baxımından çətinliklər yaşamasına səbəb ola bilər. Müəllimlərin kənd yerlərindən kütləvi şəkildə şəhərlərə köçməsi isə həmin ərazilərdə təhsil keyfiyyətinin daha da aşağı düşməsi ilə nəticələnə bilər. Bu vəziyyətin həlli üçün bir neçə əsas yanaşma tətbiq edilə bilər. İlk növbədə, bağlanma risqi ilə üzləşən məktəblər üçün fərdi həllər nəzərdən keçirilməlidir. Şagird sayı az olan məktəbləri bağlamaq yerinə, onların mərkəzləşdirilməsi, daha iri məktəblərlə birləşdirilməsi və ya yeni təhsil modelləri tətbiq edilməlidir. Məsələn, birləşdirilmiş siniflərdən və ya distant təhsil texnologiyalarından istifadə etməklə şagirdlərə təhsil almaq imkanı yaradılmalıdır. Texnologiya əsasında distant təhsil imkanları regionlarda təhsilin əlçatanlığını artırmaq üçün əvəzolunmaz vasitə ola bilər. Şagirdlərin daşınması məsələsi isə ciddi şəkildə nəzərdən keçirilməlidir. Daşınma üçün müasir, təhlükəsiz və rahat nəqliyyat vasitələrinin təmin edilməsi vacibdir. Bu nəqliyyat vasitələrinin müntəzəm olaraq texniki baxışdan keçirilməsi və hava şəraitinə uyğun təchiz edilməsi tələb olunur. Eyni zamanda, şagirdlərin dərs bitmə vaxtlarının uyğunlaşdırılması və daşınmanın daha koordinasiyalı şəkildə həyata keçirilməsi vacibdir. Daşınma prosesi zamanı şagirdlərin təhlükəsizliyi və rahatlığı təmin edilməzsə, təhsildən yayınma hallarının artması qaçılmazdır. Kənd məktəblərinin bağlanması əvəzinə onların modernləşdirilməsi və əlavə funksiyalarla təchiz edilməsi də nəzərə alınmalıdır. Məktəblər yalnız təhsil müəssisəsi deyil, həm də mədəniyyət və ictimaiyyət mərkəzi kimi fəaliyyət göstərə bilər. Məsələn, kənd məktəblərində peşə təhsili, sənət və mədəniyyət dərnəkləri və ya kənd təsərrüfatı sahəsində tədris proqramları təşkil edilə bilər. Bu, məktəblərin yalnız təhsil sahəsində deyil, həm də kəndlərin iqtisadi və sosial inkişafında mühüm rol oynamasına imkan yaradar. Əhalinin həmin əraziləri tərk etməməsi üçün isə dövlətin kəndlərin infrastrukturuna, yollarına və sosial xidmətlərinə diqqət yetirməsi vacibdir. Yardımlı rayonunda görülən işlər buna yaxşı nümunədir. Bu rayonda kənd məktəblərinin yenidən tikilməsi, yolların asfaltlanması və sosial yardımların artırılması nəticəsində əhalinin bölgədə qalma motivasiyası güclənibdir. Bu təcrübə digər dağlıq rayonlarda da tətbiq edilə bilər. Nəticə olaraq, məktəblərin bağlanması yalnız iqtisadi məsələ kimi deyil, həm də sosial və mədəni kontekstdə nəzərdən keçirilməlidir. Məktəb kənd icmasının əsas dayağıdır və onun bağlanması həmin icmanın gələcəyini təhlükə altına ata bilər. Təhsilin əlçatanlığı və keyfiyyəti yalnız məktəbin fiziki mövcudluğu ilə deyil, həm də bu məktəblərin müasir standartlara uyğun fəaliyyət göstərməsi ilə təmin edilməlidir. Dövlət bu məsələdə balanslı və inklüziv yanaşma nümayiş etdirməli, təhsil və sosial siyasəti daha koordinasiyalı şəkildə həyata keçirməlidir. Məktəblərin bağlanması yalnız müvəqqəti iqtisadi qənaət gətirə bilər, lakin uzunmüddətli perspektivdə həm təhsilə, həm də cəmiyyətin ümumi rifahına ciddi ziyan vura bilər. Bu səbəbdən, bu məsələni daha dərindən və strateji şəkildə həll etmək lazımdır”.

Günel CƏLİLOVA





Seçilən
6
4
baki-xeber.com

5Mənbələr