Noyabrın 26-da və 27-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunun 18 oyunu keçirilib və komandalar 67 qol vurublar.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən məlumat verir ki, bu göstərici mötəbər yarışın tarixində ən yüksək göstəricidir.
Əvvəlki rekord UEFA Çempionlar Liqasının 2000/2001-ci illər mövsümünün 1-ci turunda 16 oyunda 63 qolun vurulması ilə qeydə alınmışdı.
Əlavə edək ki, noyabrın 26-da 5-ci turun ilk 9 oyununda 40 qol vurulmuşdu ki, bu da yarış tarixində bir oyun günündə 2-ci ən yüksək göstərici olaraq qeydə alınmışdı.
Xatırladaq ki, 2024/2025-ci illər mövsümündən Çempionlar Liqasında əvvəlki kimi 32 deyil, 36 komanda çıxış edir. Əvvəllər klublar hər biri 4 komandadan ibarət 8 qrupda hər biri 6 oyun keçirməklə, növbəti, ələmə mərhələsinə vəsiqə uğrunda yarışırdılar. Cari mövsümdə isə 36 komanda ümumi Liqa mərhələsində İsveçrə sistemi əsasında ələmə mərhələsinə vəsiqə uğrunda mübarizə aparır.
Göründüyü kimi, oyun sayının çoxluğu həm orta və həm də ümumi məhsuldarlığa təsir edir.
2024/2025-ci illər mövsümü Çempionlar Liqasının final oyunu 2025-ci ilin may ayının 31-də Münhenin “Alyans Arena” stadionunda keçiriləcək.