AZ

COP29 birliyin, həmrəyliyin təqdimatı oldu

Azərbaycanın iqlim dəyişmələrinin yaratdığı problemlərin həllinə töhfələri beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Müasir dövrümüzün ən mühüm problemlərindən olan iqlim dəyişikliyi artıq bütövlükdə Yer kürəsi üçün qlobal təhdidə çevrilib. Uzun zamandan bəri iqlim dəyişmələri ilə mübarizə qlobal gündəlikdə duran ən vacib məsələlər sırasındadır. Bəşəriyyətin ortaq problemi olan iqlim böhranı və onun fəsadları ölkələrin dayanıqlı inkişafına və rifahına əngəl törədir.

BMT-nin bəyan etdiyi Davamlı İnkişaf Məqsədlərinə qoşulan Azərbaycan milli səviyyədə ekoloji siyasətinin konkret istiqamətini müəyyənləşdirib. COP29 tədbirinə ev sahibliyi etməyin məsuliyyətini öz üzərinə götürməklə Azərbaycan problemə həssas yanaşmasını bir daha nümayiş etdirdi. Ölkəmizin beynəlxalq iqlim konfransına yüksək səviyyədə ev sahibliyi ilə hazırda geniş müzakirə edilən məsələlər sırasındadır.
Prezident İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəsi ilə paylaşım etdi. “Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu” söyləyən cənab İlham Əliyev bildirdi ki, müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək.
COP29 Azərbaycanın beynəlxalq iqlim siyasətində fəal rolunu bir daha nümayiş etdirdi və qlobal müzakirələrin mərkəzinə çevrildi. Tədbirin yekun nəticələri, yeni iqlim təşəbbüsləri və onların dünya ölkələrinə təsiri geniş müzakirələrə səbəb oldu. Bu konfrans Azərbaycan üçün təkcə ətraf mühit məsələlərində deyil, həm də beynəlxalq siyasətdə öz mövqeyini gücləndirmək baxımından əlamətdar hadisə kimi tarixə düşdü.
Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirən cənab İLham Əliyev bildirdi ki, COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək.
Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon dollar həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi razılaşmasını elan edib. BMT-nin İqlim Sammiti üçün COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan uğur əvvəlki 100 milyard dollar həcmində iqlim maliyyəsi hədəfindən əhəmiyyətli dərəcədə artım deməkdir və qlobal investisiyaların yeni dalğasına təkan verəcək. Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələrə 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir. Bu, COP29 Sədrliyi tərəfindən 48 saatlıq intensiv diplomatik fəaliyyətin nəticəsidir. Burada az inkişaf etmiş ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə xüsusi diqqət yetirilir. Bu sənəddə əlçatanlıq və şəffaflıq haqqında müddəalar da əksini tapıb.
COP29-un yüksək təşkili, uğurlu nəticələri hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Qısa müddətdə belə yüksək təşkilatçılıq ölkəmizin malik olduğu imkanların, ən əsası üzərinə düşən məsuliyyətin öhdəsindən gəlmək üçün göstərdiyi səylərin təqdimatı oldu. Cənab İlham Əliyev ötən ilin dekabrında COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı keçirilən müşavirədə “İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik” söyləyərək bu əminliyi də ifadə etdi ki, COP29 beynəlxalq konfransını yüksək səviyyədə keçirəcəyik. Bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcək və dünyada hər kəs bir daha görəcək ki, gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.
COP29-un nəticələri bu əminliyin təsdiqi oldu. Azərbaycan növbəti uğura imza atdı. Hər zaman ölkələri, xalqları bir araya gətirən, onlar arasında körpü rolunu oynayan Azərbaycan yeni körpülərin salınmasına nail oldu. Hər bir tədbir özündə mühüm çağırışları ehtiva edir. Əsas hədəf bu çağırışların zamanında yerinə yetirilməsinə nail olmaqdır. Bu isə öz növbəsində birliyin, həmrəyliyin daha da gücləndirilməsini bir tələb kimi qarşıya qoyur. COP29 birliyin, həmrəyliyin təqdimatı oldu.

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri

Seçilən
11
sesqazeti.az

1Mənbələr