AZ

Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun (ÜŞETİ) direktoru Vüqar Səlimov, aparıcı elmi işçisi Ruhəngiz Məmmədova və aparıcı mütəxəssisi Sevinc Zeynalova Almaniyanın Geilweilerhof Üzümün Seleksiyası İnstitutu ilə əməkdaşlıq müqaviləsi çərçivəsində bu ölkədə, Siebeldingen şəhərində səfərdə olublar.

2019-cu ildə bağlanmış müqaviləyə əsasən, Geilweilerhof İnstitutunda Azərbaycanın yerli üzüm sortlarının genetik identifikasiyası, marker əsaslı seleksiya işləri, xəstəlik və zərərvericilərə qarşı davamlılığın skrininqi, genofond mübadiləsi və kadr hazırlığı sahələrində əməkdaşlıq işləri həyata keçirilir.

Kənd Təsərrüfatı Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, Geilweilerhof Üzümün Seleksiyası İnstitutunun direktoru Oliver Trapp, Üzümün genetik resursları bölməsinin rəhbəri Franco, üzüm xəstəlikləri və biotexnologiya bölməsinin rəhbəri Ludger Hausman, üzüm və şərabın biokimyəvi tədqiqatları bölməsinin rəhbəri Florian Schwander institutda aparılan tədqiqatlar haqqında məlumat veriblər.

Vüqar Səlimov isə ÜŞETİ-nin ümumi fəaliyyəti və layihə çərçivəsində görülən işlər barədə tədqimatla çıxış edib.

Görüşlərdə birgə tədqiqat işlərinin istiqamətləri və perspektivi, o cümlədən sortöyrənmə, üzümün biotexnologiyası və çoxaldılması, əkin materialı istehsalı texnologiyalarının təkmilləşdirilməsi, ekoloji təmiz şərabçılıq məhsullarının istehsalı üçün yeni texnologiyaların birgə işlənib hazırlanması, ikitərəfli elmi layihələrin həyata keçirilməsi, əldə edilmiş nəticələrin mübadiləsi, müştərək nəşrlər və digər sahələrdə əməkdaşlıq işlərinin davamlı həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

ÜŞETİ-nin əməkdaşları həmin institutun üzümün seleksiyası, molekulyar-genetik, biokimyəvi tədqiqatlar, mikrovinifikasiya laboratoriyalarında görülən işlərlə tanış olub, institutun “karantin istixanası”na və üzüm kolleksiyasına baxış keçiriblər.

Qeyd edək ki, bu günə kimi Azərbaycana məxsus 392 sort-nümunə həmin institutun laboratoriyalarında molekulyar genetik analiz olunub, bir çoxu institutun kolleksiyasına əlavə olunub, bir qismi isə karantin istixanasında yetişdirilib və növbəti illərdə kolleksiyaya daxil ediləcək. Genetik analiz üçün təqdim olunan sort nümunələrinin diaqnostik ampelodeskriptor əlamətləri təsvir edildikdən sonra Almaniyanın eyniadlı institutu tərəfindən idarə edilən, müxtəlif üzüm növləri və sortları üzrə dünyanın ən böyük məlumat bazası olan VIVC (Vitis International Variety Catalogue) bazasına yerləşdirilib.

Qeyd olunanlarla yanaşı, nəzərdə tutulan yeni əməkdaşlıq müqaviləsi çərçivəsində Geilweilerhof Üzümün Seleksiyası İnstitutunun yeni, yüksək temperatura, quraqlığa, xəstəlik və zərərvericilərə qarşı davamlı bir neçə üzüm sortunun Azərbaycanın torpaq-iqlim şəraitində adaptasiya xüsusiyyətlərinin öyrənilməsi məqsədilə ÜŞETİ-yə təqdim edilməsi gözlənilir. Bu sortların respublikamıza introduksiyası və adaptiv xüsusiyyətlərinin öyrənilməsi nəticəsində müsbət əlamətli genotiplərin müəyyən edilib, tətbiq olunması qlobal istiləşmə fonunda meydana çıxan risklərə qarşı dayanıqlı üzümçülüyün formalaşmasında mühüm rol oynayacaq.

Əməkdaşlar “Natürlich Veredelt” tingçilik təsərrüfatına da baş çəkiblər. Müəssisənin rəhbəri Volker Freytag müəssisədə sertifikiatlı ting istehsalı barədə məlumat verib. Bildirib ki, müəssisədə müasir seleksiya üsulu ilə hazırki dövrün tələblərinə uyğun calaqaltılardan və yeni yaradılmış, xəstəlik və zərərvericilərə, o cümlədən abiotik amillərə davamlı yeni üzüm sortlarından calaq tingləri istehsal edilir. V.Freytag Azərbaycanla tingçilik sahəsində əməkdaşlıq etməyə maraqlı olduğunu, yeni üzüm tinglərinin Azərbaycanda sınaqdan keçirilməsini məqsədəuyğun hesab etdiyini, ÜŞETİ-nin və Şamaxı Üzüm Tingçilik Mərkəzinin fəaliyyəti ilə tanış olmaq məqsədilə gələn il ölkəmizə səfər etmək niyyətində olduğunu bildirib.

Seçilən
18
1
ikisahil.az

2Mənbələr