AZ

Nazir “bağlanmayacaq”, deputat isə “bağlanacaq” deyir - Ceyhun Məmmədovdan NÖVBƏTİ AÇIQLAMA

“Həm Milli Məclisin birgə komitələrinin iclasında səsləndirilən fikirlərdən, həm də nazirliyin dünən verdiyi açıqlamadan bir daha aydın olur ki, Azərbaycanda bir sıra məktəblər artıq bağlanıb və bu proses davam edəcək”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. 

 

“Mən həm komitə iclasında, həm də plenar iclasda məktəblərin bağlanmasının yarada biləcəyi problemlərə toxundum. Məktəb təhsil verməklə yanaşı, həm də mədəniyyət və tərbiyə müəssisəsidir. Bu addım bölgələrdə gənclərin savadlılığına, dünyagörüşünün və intellektual səviyyəsinin formalaşmasına mənfi təsir göstərə, eyni zamanda ucqar kəndlərin boşalmasına aparıb çıxara bilər”, - o deyib. 

 

Xatırlatma: Ötən gün Milli Məclisin plenar iclasında deputat Ceyhun Məmmədov Azərbaycanda 4400 məktəbdən 1500-nün bağlanmasının planlaşdırıldığını açıqlamışdı. Elm və təhsil naziri Emil Əmrullayev isə deputatın çıxışına cavabı sosial şəbəkə hesabından verib: "Bu barədə bir qədər sonra açıqlamamız olacaq. Bu, əvvəllər də qeyd etdiyim "eşitdiyini və ya oxuduğunu doğru anlamamaq" problemindən irəli gələn məsələdir. Aydınlaşdırmaq üçün daha detallı məlumat ictimaiyyətə ən qısa zamanda təqdim ediləcək". 

 

Aytəkin Qardaşova 

Tarix: 28 Noyabr 2024, 15:07   
Seçilən
9
1
pravda.az

2Mənbələr