“Həm Milli Məclisin birgə komitələrinin iclasında səsləndirilən fikirlərdən, həm də nazirliyin dünən verdiyi açıqlamadan bir daha aydın olur ki, Azərbaycanda bir sıra məktəblər artıq bağlanıb və bu proses davam edəcək”.
Bu fikirləri Musavat.com-a deputat Ceyhun Məmmədov açıqlamasında bildirib.
“Mən həm komitə iclasında, həm də plenar iclasda məktəblərin bağlanmasının yarada biləcəyi problemlərə toxunmuşam. Məktəb təhsil verməklə yanaşı, həm də mədəniyyət və tərbiyə müəssisəsidir.
Bu addım bölgələrdə gənclərin savadlılığına, dünyagörüşünün və intellektual səviyyəsinin formalaşmasına mənfi təsir göstərə, eyni zamanda ucqar kəndlərin boşalmasına aparıb çıxara bilər” -deyə deputat əlavə edib.
Qeyd edək ki, Ceyhun Məmmədov Milli Məclisin plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı “Əksər ərazilərdə ciddi şagird sıxlığı var. Rəsmi açıqlamalara əsasən, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500-nün bağlanılması planlaşdırılır” demişdi.