1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın keçid komandası narkokartellərlə mübarizə üçün Meksikaya hərbi müdaxilənin mümkünlüyünü müzakirə edir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Rolling Stone" jurnalı mənbələrə istinadən məlumat verib.
"Meksikaya müdaxilənin həcmi hansı böyüklükdə olmalıdır? Bu, əsas sualdır", - deyə nəşr Tramp komandasının nümayəndəsindən sitat gətirib.
Jurnalın məlumatına görə, müdafiə naziri və dövlət katibi vəzifələrinə namizədlər də daxil olmaqla, gələcək administrasiyanın üzvləri ABŞ hərbi qüvvələrinin Meksikada istifadəsi ideyasını açıq şəkildə dəstəkləyiblər.
"Rolling Stone"un mənbələrinin bildirdiyinə görə, müxtəlif variantlar nəzərdən keçirilir ki, bunların sırasında kartel liderlərinin məhv edilməsi üçün xüsusi bölmələrin istifadəsi ilə "yumşaq işğaldan" tutmuş, narkokartellərin infrastrukturuna qarşı hava hücumlarına qədər variantlar var. Bildirilir ki, ABŞ dövlət katibi vəzifəsinə namizəd, senator Marko Rubio Meksika hökuməti ilə əməkdaşlıq və Meksikanın silahlı qüvvələri və polisi ilə koordinasiya şəkildə hərəkət edilməsi şərti ilə ABŞ qoşunlarının Meksikaya göndərilməsi ideyasını dəstəkləyib.
Jurnalın məlumatına görə, şəxsi söhbətləri zamanı Donald Tramp bəyan edib ki, Meksika hökumətindən bir neçə ay ərzində ABŞ-yə fentanil (narkotik maddə) axınının dayandırılmasını tələb etmək niyyətindədir, əks halda o, ölkəyə ABŞ qoşunlarını göndərəcək.