AZ

Ümumi təhsil müəssisələrində “Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

2023/2024-cü tədris ilindən “Müasir metodist” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində fəaliyyətə başlayan metodistlər, müəllimlərlə sıx əməkdaşlıq edərək tədris prosesinin keyfiyyətini yüksəltməyə davam edirlər. Layihə çərçivəsində keçirilən budəfəki təlimin mövzusu “Tədris prosesində diferensinal yanaşmanın tətbiqi” olub.

Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nə bildirilib ki, diferensial yanaşma tədris prosesində şagirdlərin fərdi ehtiyaclarını, maraqlarını və bacarıqlarını nəzərə alaraq təlimin təşkilini nəzərdə tutur. Bu yanaşma şagirdlərin potensialının üzə çıxarılması və onların öyrənmə prosesinin daha effektiv olması üçün mühüm vasitədir.

Keçirilən təlimlərdə metodistlər və müəllimlər birlikdə şagirdlərin fərdi xüsusiyyətlərinə uyğun dərs planlarının hazırlanması, öyrənmə tempinə görə müxtəlif qruplar üçün tapşırıqların fərdiləşdirilməsi, diferensial yanaşmanın qiymətləndirmə prosesində tətbiqi mövzuları ilə bağlı müzakirələr aparıblar.

Layihə çərçivəsində keçirilən təlimlər müəllimlərin metodiki və pedaqoji bacarıqlarını artırmaqla yanaşı, onların motivasiyasını və pedaqoji innovasiyalara marağını da artırır. Diferensial yanaşmanın təlim prosesində tətbiqi şagirdlərin fərdi öyrənmə potensialını maksimum dərəcədə reallaşdırmasına, dərslərə marağının və iştirak səviyyəsinin yüksəlməsinə, onların akademik nailiyyətlərinin artırılmasına şərait yaradır.

Qeyd edək ki, təlimlərin mövzuları dərsdinləmələr və metodiki görüşlərdə müşahidə olunan ehtiyaclara əsasən müəyyən edilir. Bu yanaşma həm müəllimlərin peşəkar inkişafını, həm də ümumi təhsil müəssisələrinin tədris keyfiyyətinin davamlı təkmilləşdirilməsini təmin edir.

“Müasir metodist” layihəsi, o cümlədən diferensial yanaşmanın tədris prosesinə inteqrasiyası, ümumi təhsil müəssisələrinin inkişafına, şagirdlərin fərdi bacarıqlarının üzə çıxarılmasına və onların gələcəkdə uğurlu karyera qurmasına mühüm töhfə verir.

Seçilən
18
tehsil.biz

1Mənbələr