AZ

Ermənistanda Aİ missiyası: Təhlükəsizlik maskası arxasında gizlənən məqsədlər – ÖZƏL

"Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının səlahiyyət müddəti üç aydan sonra başa çatır. Əgər Ermənistan müşahidəçilərin mandatının uzadılması üçün müraciət etməsə, missiya bu ölkəni tərk edəcək".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib:

"Bu missiyanın mövcudluğu Ermənistanın təhlükəsizliyinin və hərbi potensialının gücləndirilməsi kimi qiymətləndirilməlidir. Rusiya hərbçilərinin mövcudluğu fonunda Ermənistandakı bu missiya Qərb dairələrinin maraqlarını da təmin edir. Qlobal güclərin təhlükəsizlik çətiri altında özünü daha güvəndə hiss edən rəsmi İrəvan bununla həm ərazisindəki rus qüvvələrinin effektiv hərəkətini məhdudlaşdırmaqla regionda təhdid ünsürləri formalaşdırır, həm də ölkəmizə qarşı təzyiq aləti kimi Aİ missiyasından istifadə edir. Siyasi təzyiq vasitəsi olan missiyada müxtəlif Avropa ölkələrindən olan hərbçilərin fəaliyyət göstərməsi də, bu prosesin bir mərkəzdən idarə olunduğunu deməyə əsas verir. Ümumilikdə isə Aİ missiyasının əsas məqsədi Ermənistanı gücləndirmək və üzərinə götürdüyü öhdəliklərdən yayındırmaq məqsədi güdür. 
Bu günlərdə Ermənistana səfəri çərçivəsində təxribatçı davranışları ilə yadda qalan Polşa Prezidenti Andjey Dudanın  İrəvan hakimiyyətinin işğalı altında olan Azərbaycanın Kərki kəndinə gəlməsi, bundan əlavə, şərti sərhəddə Aİ-nin missiyasını ziyarət edərək dövlətimiz əleyhinə təxribatın bir hissəsi kimi çıxış etməsi iki ölkə arasındakı iqtisadi, həmçinin ikitərəfli əməkdaşlığın digər sahələrinə də xələl gətirir.  
Qafqazdakı sülhün Avropa regionu üçün də vacib olduğunu deyən A.Dudanın 30 illik erməni işğalını görməzdən gəlməsi və birtərəfli qaydada Ermənistana yanaşması, işğalçını qorumaq bəhanəsi ilə öz hərbçilərini bu ölkəyə göndərməsi anlaşılmazdır. 
Prezident hələ də anlamır ki, Avropa İttifaqının liderliyi ilə Polşanın və digər Qərb dövlətlərinin hərbçilərindən təşkil olunan missiya Cənubi Qafqazdakı sabitliyə, aparılan sülh danışıqları prosesinə zərbə vurur. Çünki tarixi işğalçılıq və hər cür cinayətlərlə zəngin olan Ermənistanın əlinin gücləndirilməsi bölgədəki etimad quruculuğunu zəiflədir və birincini yenidən təcavüzə ruhlandırır.  
Azərbaycanın regionda davamlı sülhə nail olmaq və qonşuları ilə konstruktiv dialoq yolu ilə mövcud problemləri həll etmək üçün qəti mövqeyə malik olmasına baxmayaraq, İrəvanın qlobal güclərin planının bir hissəsi olması ölkəmizin regional sülh təşəbbüsləri ilə ziddiyyət təşkil edir. Ona görə də bu kontekstdə Ermənistanın regionda uzunmüddətli sülh və sabitlik yaratmaq niyyəti varsa, 2025-ci ilin fevralında başa çatacaq missiyanın uzadılması üçün müraciət etməməlidir. Amma görünən odur ki, bu barədə qərarı siyasi iradəyə malik olmayan Ermənistan yox,  Aİ-nin bütün dövlətləri verəcək. 
Lakin Ermənistan anlamalıdır ki, Aİ-nin müşahidəçilərin yerləşdirilməsinin davam etdirilməsi ölkə üçün çox təhlükəli tendensiyaya yaradacaq, həmçinin bu addım gələcəkdə siyasi asılılıqdan əlavə, iqtisadi böhrana da gətirib çıxara bilər".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr