AZ

ARTE – media həyasızlığı, sivil dəyərlərə fransız şapalağı

Telekanalın ermənipərəst, anti-Azərbaycan təqdimatına sözardı

Fransanın anti-Azərbaycan fəaliyyətinin təzahür formaları çox genişdir. İstər fransız parlamentarilər olsun, istərsə də ölkənin ayrı-ayrı senatorları, hər birindən ölkəmizə qarşı hədyanların yağdırıldığını görmüşük. Məsələ barədə çox yazılıb, deyilib və belə görünür, qarşıdakı müddətdə də mövzu aktual olacaq. Həm də ona görə ki, rəsmi Parisin Azərbaycana münasibətindən qaynaqlanmış hərəkət və davranışlar, demək olar, hər ötən gün yeni həyasızlıq çalarları ilə zənginləşməkdədir. Əlbəttə, buna zənginləşmə demək olarsa.

Müasir dünyamızda media amili son dərəcə vacibdir. Hazırkı dövrdə onun funksiya və vəzifələrinin hansı məqsədlər üçün istifadə edildiyi diqqətdən yayınmır. Qısa olaraq deyək ki, media, sözün əsl mənasında, silaha çevrilib. Təəssüf ki, bu silah onun mütərəqqi mahiyyətinə dəyər verməyənlərin əlindədir. Günümüzün acı reallığı da elə budur.

Yeri gəlmişkən, Fransanın anti-Azərbaycan yanaşmasında da media amilinə geniş yer verilir. “La Figaro”, “Le Monde” kimi nəşrlərdə, “Charle Hebdo” kimi karikatura qalmaqalları ilə “məşhurlaşmış” dərgilərdə, müxtəlif televiziya kanallarında ölkəmizlə bağlı həqiqətlərin təhrif olunduğunu, bəzən isə tamamilə ağ yalanların tirajlandığını görmüşük. Bu sıraya ARTE adlanan telekanal da qoşuldu. Nəinki qoşuldu, eyni zamanda, həyasızlıq baxımından özündən əvvəlkiləri geridə qoydu.

Beləliklə, ARTE telekanalı “Azərbaycanlılar və türklər iki qardaş xalqlardır və eyni vəhşilikləri törətməyə qadirdirlər” adlı sənədli film yayımlayıb. Film üçün seçilmiş ad özlüyündə hər şeyi deyir. Vurğunun nəyə qoyulduğu gün kimi aydındır. Aydındır ki, məqsəd qondarma “erməni soyqırımı” nağılına köklənməkdir. Təxminən belə: türklər ermənilərə soyqırımı müsibətini yaşadıblar. Azərbaycanlılar da türklərlə qardaş olduqlarından, eyni əməli törətməyə qadirdirlər. Göründüyü kimi, ortada belə bir mənfur təqdimat var. Amma bu, hələ yalnız bir elementdir.

Bəli, ARTE özünün sənədli filmi ilə dünyada Azərbaycan əleyhinə xof formalaşdırmağa girişib. Necə deyərlər: eyni dalğa, eyni koordinat: Ermənilər məzlumdurlar, onların müdafiəyə, qorunmağa ehtiyacları var. Bir müddət əvvəl fransız parlamentari Loran Vokyenin səsləndirdiyi fikirləri yada salaq. O demişdi ki, Ermənistan uğrunda mübarizə XXI əsrin sivilizasiyası naminə mübarizə aparmaqdır. Həqiqətən, dəhşətli durumdur. Didroların, volterlərin, russoların və digər mütəfəkkirlərin vətəni olan Fransanın parlament üzvünün XXI əsrdə Ermənistan və sivilizasiya sözlərini yanaşı işlətməsi bir qəbahətdirsə, onun sivilizasiyanı qorumaq anlayışının Ermənistanın qorunması ilə məhdudlaşması həm siyasi, həm də mənəvi kəsadlıqdır. Belə olan təqdirdə, ARTE-dən nə gözləyəsən? Sual ritorikdir, çünki telekanaldan ədalətli yanaşmadan başqa hər şey gözləmək olar.

Bəli, ARTE sözügedən sənədli filmi ərsəyə gətirib. Yaymaqla sivil media dəyərlərinə aşkar həqarət nümayiş etdirib. Telekanal söz azadlığı prinsiplərini yerdən-yerə vurub. Onun təqdimat tərzi heç bir əndazəyə sığmayan ağ yalanlardan ibarətdir. Fransada özünün tamaşaçı auditoriyasını ələ salmaq, təhqir etmək dərəcəsinin müəyyənləşdiriləcəyi sorğu keçirilsə, heç şübhəsiz, ARTE ilk pillədə qərarlaşardı.

Telekanal “xristian Ermənistan və müsəlman Azərbaycan” məntiqini qabardır. Deməli, ermənilərin qorunmasını xristian təəssübkeşliyi nöqteyi-nəzərindən “əsaslandırır”. Bu yanaşma dini təfriqə, etnik qarşıdurma yaratmaq istəyidir. Halbuki, sivil jurnalistika prinsipləri belə “dəst-xətti”n seçilməsini yasaqlayır. Əlbəttə, ARTE üçün yasaq anlayışının tamam fərqli parametrləri var. Görünür, telekanalda qadağa olan əsl həqiqətlərdən söz açmaqdır.

Onu da deyə bilərik ki, ARTE telekanalının təqdimatı təkcə peşə prinsiplərinin kobud şəkildə pozulması deyil. Fikrimizi əsaslandırmaq üçün bir məqamın üzərində dayanaq. Məlum olduğu kimi, hazırda Azərbaycan və Ermənistan arasında başlıca müzakirə mövzusu sülh gündəmidir. Kövrək də olsa, barış mühitinin müəyyən nişanələri var. Qarşılıqlı təmaslar zamanı bəzi müsbət irəliləyişlər qeydə alınıb. Dünya da prosesə diqqətlə yanaşır. Belə bir vaxtda ARTE iki xalq arasında nifrəti körükləyir.

Görünür, Fransa dövləti başda olmaqla, Cənubi Qafqaz regionunda sülhün formalaşmasını istəməyən qüvvələr hərəkətə keçiblər. Onların Ermənistan hakimiyyətinə təsirləri son dərəcə böyükdür. Belə qənaətə gəlmək mümkündür ki, rəsmi İrəvan danışıqlar prosesində hər zaman əl atdığı manipulyasiyalara yenidən üz tutacaq və müsbət dinamikanı aradan qaldıracaq. ARTE-nin təqdimatı mövcud istiqamətdə zəmin formalaşdırmaq və Ermənistana gələcək əməllərində haqq qazandırmaq cəhdidir. Bir halda ki, azərbaycanlıların vəhşi obrazı yaradılır, deməli, ölkə ilə hansısa şəkildə anlaşmaq mümkünsüzdür. Bütövlükdə, Avropa və dünya auditoriyasına aşılanan budur. ARTE sözügedən auditoriyanın erməni maraqları naminə səfərbərliyinə nail olmağa çalışır ki, rəsmi İrəvanın sülhdən yayınmasına bəraət olsun, onun rahat şəkildə yenidən təxribatlara əl atması üçün sipər formalaşsın. Heç şübhəsiz, “sifarişi” verən rəsmi Parisdir, sənədli filmin rejissorlarının və ssenari müəlliflərinin oturduqları ünvan Yelisey sarayıdır.

ARTE telekanalının yayımladığı sənədli filmin ölkəmizin media ictimaiyyətində, bütövlükdə, Azərbaycan cəmiyyətində kəskin qarşılanmasının daha bir müstəsna səbəbi var. Belə ki, materialda 1993-cü ildə Kəlbəcərin Ermənistan tərəfindən işğalı nəticəsində yerli əhalinin öz yurdlarından qovulmasına dair səhnələr əksini tapıb. Təsəvvür edin, ermənilərin məzlum kimi göstərildiyi, ümumən erməni təəssübkeşliyinin yaradılmasına hesablanmış sənədli filmdə kəlbəcərlilərin erməni cəlladlarından canlarını qurtarmaq üçün helikopter gözləmələri, gələn helikopterə minmələri və sair dəhşətli ürəkdağlayan epizodlar nümayiş olunub. Sanki öz yurd-yuvalarından didərgin salınanlar azərbaycanlılar yox, ermənilərdir. Yəni, ortada belə bir ağlagəlməz media manipulyasiyası məhsulu var. Axı Qarabağda “etnik təmizləmə” şousu aktualdır. ARTE-nin tamaşaçıları elə biləcəklər ki, yayımlanan səhnələr həmin şou ilə bağlıdır, yəni, “etnik təmizləməni” sübuta yetirir.

Sonda əvvəldə vurğuladığımız bir fikrə yenidən qayıdaq. Bəli, ARTE həyasızlıq baxımından Fransanın ermənipərəstliyi ilə fərqlənən digər media orqanlarını geridə qoyub. Əlbəttə, belə “dəstxət” telekanalı jurnalistika prinsiplərinə həqarətli yanaşma cəhətdən ön sıralara çıxarır. Həqiqətən, rəzil və miskin mənzərədir. Həm də ona görə ki, məsələ yalnız Azərbaycana yanaşmada deyil. Media dəyərlərini, jurnalistika prinsiplərini bu şəkildə ayaqlar altına atmaq mümkündürsə, deməli, demokratizmə də eyni cür yanaşmaq adi haldır. Fransa və bütövlükdə, erməni təəssübünə köklənmiş Avropa mediası və ictimai sektoru məsələ ilə əlaqədar perspektivi düşünməlidir. Düşünməlidir ki, belə hədyanların bumeranq effekti də var.

Ə.RÜSTƏMOV
XQ

Seçilən
15
xalqqazeti.az

1Mənbələr