Türkiyə Prezidenti Oman Sultanını tarixi səfər çərçivəsində qarşılayıb.
Musavat.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəyə səfər edən Oman Sultanı Heysəm bin Tariqi hava limanında şəxsən qarşılayıb.
Türkiyənin Omandakı səfiri Məhəmməd Həkimoğlu bu səfəri tarixi hadisə adlandırıb. “Tarixdə ilk dəfə Omandan Türkiyəyə bir dövlət başçısının səfəri baş tutur və bu, xüsusi tarixi əhəmiyyət kəsb edir,” - deyə diplomat sosial mediada bildirib.
Həkimoğlu həmçinin səfərin Oman üçün də önəmli olduğunu vurğulayaraq, iki ölkə arasındakı siyasi, hərbi və ticarət əlaqələrinin inkişafından bəhs edib. O, 3 əsrə yaxın Omanı idarə edən əl-Busaidi ailəsinin türklərlə tarixi qohumluq əlaqələrinə böyük əhəmiyyət verdiyini qeyd edib.
Diplomatın sözlərinə görə, Sultan bin Tariqin nənəsi türk olub və atasının 6 yaşına qədər İstanbulda ingilis məktəbində təhsil aldığı məlumdur. Bu faktlar Türkiyə arxivlərindəki sənədlərlə təsdiqlənib.
Səfir əlavə edib ki, bu yaxınlıqlar səbəbindən Omanda türklərə və əl-Busaidi ailəsinə qarşı dərin rəğbət və doğmalıq hissi mövcuddur.