AZ

Ayxan Abbasov İlkin Muradovu danışılmış oyuna görə uzaqlaşdırıb? – özü açıqladı

“Şamaxı”da gözlənilməz ayrılıq yaşandı. “Şirlər” yayda transfer etdiyi, birilliyə anlaşdığı İlkin Muradovla müqaviləyə xitam verdi.

Birincisi, ayrılığın gözlənilməz olduğunu vurğulamağımızın səbəbini izah edək. Belə ki, İlkin ölkənin təcrübəli futbolçularındandı. “Zirə”nin yetirməsi karyerası ərzində bu komandada 156 oyun keçirib. “Səbail”in də şərəfini qoruyan oyunçu əsas yığmamızda debüt etməsə də, U-21-də çıxış edib.

Onun “Şamaxı”dakı işləri də qaydasında idi. O baxımdan ki, hücumameyilli yarımmüdafiəçi “şirlər”in yeni mövsümdə keçirdiyi 13 matçdan (“Qarabağ”la matç təxirə salınıb – red.) 12-də forma geyib, 1025 dəqiqə meydanda olub.

O, “Report.az”a açıqlamasında “şirlər”lə arasında hansısa ciddi problemin və narazılığın olmadığını deyib. Amma məsələylə bağlı müxtəlif informasiyalar yayılıb. Hətta İlkinin danışılmış oyunda iştirak etdiyini iddia edənlər var. Onlar bunu Misli premyer-liqasının 14-cü turunun “Sumqayıt” – “Şamaxı” matçında (2:1) təyin olunan penaltiylə əlaqələndirirlər.

Xatırladaq ki, həmin epizodda cərimə meydançası daxilində olan İlkin əllə oynadı və meydan sahiblərinin qələbə qolunun səbəbkarlarından birinə çevrildi. 28 yaşlı futbolçuyla bağlı daha bir statistika diqqəti çəkir: Muradov yeni mösvümdə 6 sarı vərəqəylə üzləşib. Təbii ki, bu üzdən cəzalı duruma düşüb və 10-cu turda “Araz-Naxçıvan”a qarşı keçirilən oyunu (0:1) buraxıb.

Hər halda, mövzuyla bağlı yalnız futbolçunun deyil, sabiq baş məşqçisi Ayxan Abbasovun da fikirlərini ictimailəşdirməyi lazım bildik. Ayxan bəyin “Football-plus.az”a cavabı:

“İlkin Muradov nizam-intizama əməl etmədiyinə görə qarşılıqlı razılıq əsasında yolları ayırdıq. Bura bir çox məsələ daxildi. Ümumi deyə bilərəm ki, səbəb intizamsızlıqdı. Danışılmış oyun, manipulyası kimi məsələlərlə isə razı deyiləm. Elə şey yoxdu”.

KƏNAN BAHADIR
Seçilən
18
football-plus.az

1Mənbələr