AZ

Aİ-nin 15-ci sanksiya paketində nələr var? 

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 15-ci sanksiya paketi müəyyənləşdirib. Sanksiyalara  50-yə yaxın fiziki və 30 hüquqi şəxsin adı daxil edilib. “Bloomberg” agentliyi xəbər verir ki, yeni məhdudiyyətlər əsasən Rusiyanın hərbi sənayesinə, eləcə də onları dron istehsalı üçün hissələrlə təchiz edən bəzi Çin firmalarına qarşı tətbiq edilir. Eyni zamanda, neft nəqli ilə məşğul olan Rusiya şirkətlərinin, habelə hərbçilərin və şirkət rəhbərlərinin yeni sanksiyalara məruz qalacağı ehtimal olunur.

Sanksiyalara Rusiya ilə yanaşı, digər ölkələrin şirkətləri də daxildir

Bundan əlavə, Aİ hərbi texnologiya sahəsində Moskvaya yardım edən 30-a yaxın təşkilata məhdudiyyətlər qoymaq niyyətindədir. Bu siyahıya Rusiya, Serbiya, İran, Hindistan, Tailand və Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri daxildir. Brüssel, həmçinin Rusiyaya hərbi qulluqçuların göndərilməsində iştirak edən Şimali Koreya məmurlarına qarşı sanksiya tətbiqini nəzərdən keçirir. Agentliyin məlumatına görə, Rusiyanın 45-dən çox neft tankerinin Avropa limanlarına və xidmətlərinə girişinə də qadağa qoyulur.

Xatırladaq ki, Aİ 14-cü sanksiyalar paketini bu ilin iyun ayında qəbul etmişdi. Onun qəbulundan dərhal sonra 15-ci sanksiyalar paketi üzərində işə başlanmışdı. Məlumdur ki, Rusiya-Ukrayna müharibəsində Avropa İttifaqı rəsmi Kiyevi dəstəkləyir. Aİ-nin sanksiyalarının məqsədi  Rusiyanı zəiflətmək, Ukraynanın isə müqavimət gücünü artırmaqdır. Rusiya-Ukrayna müharibəsi bəzən sanksiyalar müharibəsi kimi də səciyyələndirilir. İndiyədək Aİ-nin mərhələlərlə Rusiyaya qarşı qəbul etdiyi sanksiyaların əhatə dairəsi kifayət qədər genişdir. Qadağalar ilk növbədə Rusiyanın iqtisadi gücünü zəiflətməklə bu ölkənin gündəlik müharibə xərclərini qarşılamaq imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır. O cümlədən indiyədək Rusiyaya ticarət, maliyyə, enerji, sənaye, texnologiya, nəqliyyat, ikili və dəbdəbəli mallar, qızılla bağlı geniş məhdudiyyətlər tətbiq edilib. Məsələn, Aİ tərəfindən qəbul olunmuş  14-cü sanksiyalar paketində Rusiya Federasiyasının 116 fiziki və hüquqi şəxsi məhdudiyyətlərə məruz qalıb. Brüssel Rusiya ilə yanaşı, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyənin 61 kompaniyasını 14-cü sanksiya paketinə daxil edib, onlara ikili təyinatlı texnologiyaların ixracına məhdudiyyətlər qoyulub. Yəni səbəb həmin ölkələrin şirkətlərinin Rusiya ilə əməkdaşlığıdır.

Aİ Rusiyadan maye qaz almağa davam etsə də...

Avropa İttifaqı Rusiyadan maye qaz almağa davam etsə də, onun təkrar ixracını qadağan edib. Eyni zamanda, üçüncü ölkələrə hərbi məhsul satan Avropa şirkətləri onların Rusiyaya təkrar ixracı ilə bağlı riskləri müəyyənləşdirməli və qiymətləndirməlidir. Sanksiyalar paketinə, həmçinin Rusiya maye qazının Avropa limanlarından tranzitinə məhdudiyyətlər, rusların Ukraynadan çıxardığı mədəni və tarixi sərvətlərin satışına qadağalar, bu ölkəyə helium idxalının, həmçinin elektron komponentlərin, manqan və digər nadir elementlərin ixracının məhdudlaşdırılması daxildir. Sanksiyalar paketində Avropa İttifaqının aviakompaniyalarına rusiyalı fiziki və hüquqi şəxslərin sifarişi ilə çarter və şəxsi uçuşlar həyata keçirmək də qadağan olunub.

Sanksiyalar Rusiya iqtisadiyyatına ciddi təsir etmir

Avropa İttifaqı Rusiya Mərkəzi Bankının SWIFT sistemini əvəz etmək üçün hazırladığı Maliyyə Mesajlaşma Sisteminə (SPFS) də sanksiyalar tətbiq edib. Bu sanksiyaya əsasən, Rusiyadan kənarda fəaliyyət göstərən Aİ təşkilatlarının SPFS və ya oxşar maliyyə mesajlaşma xidmətlərinə qoşulması qadağan olunub. Bundan əlavə, Aİ operatorlarına Rusiyadan kənarda SPFS-dən istifadə edən bir sıra təşkilatlarla əməliyyatlar aparmağa icazə verilmir. Aİ hüdudlarından kənarda maliyyə institutları və kriptovalyuta tədarükçüləri ilə əməliyyatlar, əgər bu şirkətlər Rusiyanın hərbi-sənaye kompleksi ilə bağlı hər hansı əməliyyatlarda iştirak edirsə, bu da qadağan olunacaq.

Lakin Aİ-nin sanksiyalarına baxmayaraq, Rusiya mövqeyindən geri çəkilmir. Əksinə, son aylar döyüş bölgəsində rus qoşunlarının üstünlüyü artır. Bu, həm də o deməkdir ki, Aİ-nin sanksiyaları Rusiya iqtisadiyyatına ciddi təsir etmir. Əksinə, həmin sanksiyalar bir sıra Avropa ölkələrinə mənfi təsir göstərməkdədir.

N.BAYRAMLI

Seçilən
51
11
yeniazerbaycan.com

10Mənbələr