AZ

Milli Məclis bir sıra qanunlara dəyişiklikləri təsdiqlədi

Milli Məclis “Uşaq hüquqları haqqında” qanuna təklif edilən dəyişiklik layihəsini üçüncü oxunuşda təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan dəyişiklik layihəsinə əsasən, dövlət və qeyri-dövlət uşaq müəssisələrində xidmətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xidmətin keyfiyyətinə dair tələblərə uyğunlaşdırılır.

Qeyd olunub ki, uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Layihə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə hazırlanıb.

Layihədə qeyd edilən tələblər müəssisələrdə xidmətlərin təşkili, yaşayış şəraiti, qidalanma, sağlamlığın mühafizəsi, təlim-tərbiyə və asudə vaxtın təşkili sahələrini əhatə edir. Hazırlanmış tələblərin uşaq müəssisələrində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli, 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na əsasən keçirilən monitorinqlərdə istifadə edilməsi nəzərdə tutulur.

Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

***

Milli Məclis Azərbaycanda bələdiyyələrin qrant alması üçün hüquqi əsasların yaradılmasını son oxunuşda təsdiqləyib.

Bununla bağlı “Qrant haqqında” qanuna təklif edilən dəyişiklik parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişiklik bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsaslarının yaradılması və tənzimlənməsi məqsədilə hazırlanıb.

Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

***

Milli Məclis arbitrajla əlaqədar ərizələrə görə müəyyənləşən dövlət rüsumlarını son oxunuşda təsdiqləyib.

“Arbitraj haqqında” qanunun icrası ilə əlaqədar beş məcəllə və altı qanunda dəyişiklik edilib.

Qanunun icrası ilə əlaqədar “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən arbitraja münasibətdə yardım funksiyalarının yerinə yetirilməsi ilə bağlı ərizənin verilməsinə görə 100 manat, müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə 50 manat, arbitraj məhkəmələrinin qərarlarının ləğv edilməsi ilə bağlı ərizənin verilməsinə görə 100 manat, yerli arbitraj məhkəmələrinin qərarlarının məcburi icrasının təmin edilməsi ilə bağlı ərizənin verilməsinə görə 50 manat, xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə 100 manat rüsum müəyyən edilir.

Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

***

“Daşınar əmlakın yüklülüyü haqqında” qanuna təklif edilən dəyişikliklər son oxunuşda təsdiqlənib.

Layihə parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması zamanı reyestrə daxil edilən bildirişdə göstərilən məlumatların əhatə dairəsi genişləndirilir. Həmin məlumatların sırasına daşınar əmlakın seriya nömrəsi də əlavə olunur.

Daşınar əmlakın seriya nömrəsi istehlakçı tərəfindən əmlaka tətbiq edilən hərf, rəqəm və ya onların kombinasiyasından ibarət eyniləşdirmə nömrəsidir.

***

Milli Məclis “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişikliyi son oxunuşda təsdiqləyib.

Parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, aptek təşkilatları icbari tibbi sığortada iştirak etmək hüququna malik olacaqlar.

Qeyd olunub ki, icbari tibbi sığortada iştirak etmək niyyətini bildirən aptek təşkilatları ilə qanuna uyğun olaraq müqavilə bağlanılacaq.

Sığortaolunanlara aptek təşkilatları tərəfindən ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin buraxılmasına yalnız icbari tibbi sığorta üzrə məlumat bazasına (elektron informasiya ehtiyatına) ötürülmüş resept əsasında yol veriləcək.

Bundan başqa, qanuna təklif edilən daha bir dəyişikliklə sığorta hadisəsi baş verdikdə həkim sirrini təşkil edən məlumat vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan verilə biləcək. Bu, icbari tibbi sığortanın təmin edilməsi məqsədilə edilir.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


Müəllif: Teleqraf.com
Seçilən
33
1
teleqraf.com

2Mənbələr