AZ

İrakli Kobaxidze Avropa İttifaqına xəbərdarlıq etdi: reaksiyamız mütləq olacaq

Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, Avropa İttifaqının respublikadakı səfiri Pavel Qerçinskinin Gürcüstan hakimiyyəti tərəfindən Avropaya inteqrasiyanı dayandırması ilə bağlı dezinformasiya kampaniyasına cəlb olunub.

Onun sözlərinə görə, Qerçinski də parlament seçkiləri öncəsi müxalifətin kampaniyalarına qoşulub və ölkənin daxili işlərinə qarışır. Gürcüstanın baş naziri diplomatik tədbirlər görəcəyi ilə hədələyib. “Bir müddət biz bütün bunlara reaksiya vermədik, amma hər şeyin öz həddi var. Gələcəkdə davranışılarında dəyişiklik görməsək, o zaman həm Aİ səfirinə, həm də digər səfirlərə münasibətdə belə faktlara mütləq reaksiyamız olacaq. Söhbət diplomatik reaksiyadan gedir”, – İrakli Kobaxidze brifinqdə deyib. “İlk addım səfiri Gürcüstan Xarici İşlər Nazirliyinə çağırmaqdır”, – baş nazir aydınlıq gətirib.

Bu gün, noyabrın 29-da Pavel Qerçinski Gürcüstanın növbəti dörd il ərzində Avropa İttifaqına inteqrasiyadan imtina etməsini “son dərəcə təəssüfləndirici və kədərli” adlandırıb. “Biz sizi gözləyəcəyik, biz Gürcüstan xalqını dəstəkləyirik, bura sizin ölkənizdir, harada olması lazım olduğuna siz qərar verin”, – deyə səfir Gürcüstan vətəndaşlarına müraciət edərək əlavə edib. Dekabrın 16-da Aİ xarici işlər nazirləri Gürcüstandakı vəziyyəti müzakirə edəcəklər. Digər məsələlərlə yanaşı, Gürcüstan vətəndaşları üçün Şengen ölkələrinə vizasız rejimin dayandırılması imkanları da nəzərdən keçiriləcək.
Xatırladaq ki, noyabrın 28-də İrakli Kobaxidze Avropa İttifaqı ilə danışıqların başlanmasının 2028-ci ilin sonuna qədər dayandırıldığını elan edib, baxmayaraq ki, hakimiyyət Gürcüstanın assosiasiyaya üzvlüyünə 2030-cu ilə qədər nail olmağı planlaşdırır. Baş nazir izah edib ki, ölkənin Aİ-yə daxil olması məsələsi uzun müddətdir cəmiyyəti parçalamaq üçün alət olub və Brüssel bundan şantaj kimi istifadə edir. Qərar ötən gecə Tbilisinin mərkəzində parlament binası qarşısında baş verən etirazlara səbəb olub.

//Samir Qurbanov, Editor.az

Seçilən
26
editor.az

1Mənbələr