AZ

AXCP-nin iki fəalı həbs edilib, bir fəalı saxlanılıb

Son iki gündə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 3 fəalı saxlanılıb. Onlardan ikisi barəsində inzibatı qaydada həbs seçilib. Bir fəal isə hələ polis bölməsində saxlanılır.

Bu barədə Amerikanın Səsinə AXCP sədrinin müavini Ayaz Məhərrəmli bildirib.

Onun sözlərinə görə, bu partiyanın Xətai rayon təşkilatının fəalı Malik Babayev noyabrın 27-də evindən polislər tərəfindən Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə aparılıb. Xətai Rayon Məhkəməsi Bababyevi 15 sutka inzibati həbsə məhkum edib.

Ayaz Məhərrəmli bildirib ki, noyabrın 28-də AXCP Xətai rayon təşkilatının daha bir fəalı, Natiq Abbasov Xəzər Rayon Polis İdarəsinə dəvət edilib. Abbasov polisin dəvəti ilə gedib və noyabrın 29-da Xəzər Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə günahlı bilərək 25 sutka inzibati həbsə məhkum edib.

Bu gün məhkəmənin binası qarşısında Natiq Abbasovun fotosunu çəkən zaman AXCP Xətai rayon təşkilatınınn daha bir fəalı, Emin Abbasov saxlanılıb. Polis əməkdaşları onun foto çəkdiyi telefonu əlindən alınıb və Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə aparıblar. Emin Abbasov hazırda bu polis bölməsində saxlanılır.

AXCP fəallarının saxlanılmasını sosial şəbəkələrdəki statuslara tənqidi rəylər yazmaları ilə əlaqələnirir.

“Bu, hakimiyyətin AXCP-yə qarşı uzun illərdir apardığı repressiya siyasətinin davamıdır”, Məhərrəmli qeyd edib.

Onun szölərinə görə, hazırda 11 AXCP fəalı cinayət təqibi ilə həbsədir.

“Son illər ərzində yüzdən çox AXCP fəalı isə inzibati həbsə məhkum edilib. Hazırda AXCP sədri Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında irəli sürülən cinayət işi üzrə Nəsimi rayon Məhkəməsində proses davam etdirilir”, AXCP sədrinin müavini qeyd edib.

Öz növbəsində, Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Bununla yanaşı, Mətbuat xidməti bir qayda olaraq insanların qanunazidd əməllərinə görə saxlanıldığını bildirir. Siyasi bəyanatların isə özünü müdafiə məqsədi daşıdığını deyir.

Seçilən
19
turan.az

1Mənbələr