Donald Trampın ikinci dəfə prezident seçilməsi və bu postda atacağı addımlar ABŞ-dən çox digər ölkələrdə geniş müzakirə olunur. Qardaş Türkiyə də Trampın prezidentliyindən çox şey gözləyir.
Ziddiyyətlərlə dolu birinci dönəm
Türkiyə Trampın qayıdışından sevinməli, yoxsa narahat olmalıdır? Suala cavab tapmaq hələ çətindir. Onun prezidentliyinin birinci dönəmində iki ölkə arasında yaşananlar tez-tez xatırlanır. Daha dəqiq desək, ziddiyyətlər çox olub. Məsələn, 2018-ci ildə Trampın sosial mediada anti-Türkiyə təhdidləri Ankarada kəskin devalvasiyaya səbəb olmuşdu. Bundan əlavə, Tramp Rəcəb Tayyib Ərdoğanı “o, çox yaxşı tanıdığım, vətənini sevən və dediyi kimi, ölkəsi üçün düzgün işlər görən adam" adlandırıb. İkinci müddətdə də bu cür bəyanatların veriləcəyi inandırıcı görünür. Təqdir olunası hal ondan ibarətdir ki, Türkiyə prezidenti Donald Trampı ilk təbrik edənlərdən olub.
Xoş olmayan mesaj
ABŞ ilə Türkiyə arasında problemlər isə az deyil. Türkiyə ABŞ-dən qoşunlarını Suriyadan çəkməsini və PKK-ya bağlı güclərə dəstəkdən imtina etməsini istəyir. Tramp birinci prezidentliyi dövründə Ərdoğanın bu istəklərini yerinə yetirəcəyini vəd etmişdi, ancaq bu, baş vermədi. Ərdoğan Trampın illər əvvəl verdiyi vədi bu dəfə yerinə yetirəcəyinə ümid etmək istəyir. Ancaq Trampın andiçmə mərasiminə PKK-nın Suriya qanadının rəhbərliyinin də dəvət edilməsi barədə xəbərin yayılması Ankaraya xoş olmayan mesajdır.
Bütün bunların fonunda Ərdoğan Trampın Ankaraya səfər edəcəyinə ümidvardır. Bildirib ki, Tramp Türkiyə ilə bağlı müsbət bəyanatlar verib və bu səbəbdən də ümid edir ki, səfər dəvəti qəbul ediləcək.
Yeni komanda Ankaraya nə vəd edir?
Trampın komandasına seçdiyi şəxslərin Türkiyə ilə münasibətlərə təsir edəcəyi də şəksizdir. Məsələn, o, Mark Rubionu dövlət katibi vəzifəsinə təqdim edib. Rubio Türkiyə əleyhinə çıxışları ilə yaddaqalan biridir. Bu şəxs Suriya böhranından tutmuş digər mövzulara qədər həmişə Ankaranın əleyhinə olub. Pentaqona rəhbər təyin ediləcək Pit Heqsetin, milli təhlükəsizlik müşaviri Mayk Voltsun isə Türkiyəyə münasibətləri hələlik tam bəlli deyil. Trampın dörd min nəfərlik yeni Prezident Administrasiyasının başında isə yəhudi milyarder Hovard Lutnik duracaq. Kabinetində milyarder İlon Mask və Milli Kəşfiyyat Direktoru Tulsi Qabbard kimi bir çox nazir sülh tərəfdarıdırlar. Prezident Ərdoğan bildirib ki, Trampın kabinetində kimlərin olduğunu, yanaşma tərzlərini analiz edirlər, hazırlıqları da ona görədir: “Əsas olan onların hakimiyyət məsuliyyətini üzərlərinə götürdükdən sonra etdikləridir. Biz Trampın müharibələri bitirməsi ilə bağlı dediklərinə inanmaq istəyir, bu istiqamətdə addımlar atmasını gözləyirik”.