AZ

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminar keçirilib

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminar keçirilib.

Bu barədə TƏHSİL.BİZ-ə institutdan məlumat verilib.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev 1988-ci ildən etibarən dünya miqyasında qeyd edilən Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününün əhəmiyyətindən danışıb. Alim bildirib ki, bu günün keçirilməsində əsas məqsəd informasiya təhlükəsizliyi sahəsində mövcud olan problemlərin işıqlandırılması, beynəlxalq ictimaiyyətin diqqətinin informasiya təhlükəsizliyi məsələlərinə cəlb edilməsi, bu istiqamətdə aparılan tədqiqatlar və əldə olunan nailiyyətlər barədə hesabatların təqdim edilməsidir.

Akademik Rasim Əliquliyev qeyd edib ki, İnformasiya Texnologiyaları İnstitutu da informasiya təhlükəsizliyi məsələsini diqqətdə saxlayaraq hər il noyabrın 30-da bu günə həsr olunmuş tədbir keçirir: “Bugünkü seminarda Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamında institutun qarşısına qoyulan vəzifələrin icra vəziyyəti müzakirə olunacaq. Eyni zamanda, Azərbaycan Elm Fondunun “Sosial kiberfiziki sistemlərdə fərdi məlumatların qorunması üçün süni intellekt üsullarının işlənməsi” qrant layihəsi çərçivəsində tədqiqatların nəticələri ilə bağlı fikir mübadiləsi aparılacaq”.

Sonra tədbirdə institutun baş elmi işçisi dosent Ramiz Şıxəliyev “İnformasiya təhlükəsizliyi hadisələrinin monitorinqi və insidentlərin aşkarlanması” mövzusunda məruzə ilə çıxış edib. O, informasiya təhlükəsizliyi hadisəsi və insidenti, bu hadisələrin monitorinqinin əsas komponentləri, monitorinq və aşkarlama alətləri və s. haqqında məlumat verib. Qeyd edib ki, monitorinq nəticələrinin təhlili əsasında təhlükəsizlik vasitələri və texnologiyaları müntəzəm olaraq yenilənir, həmçinin yeni təhdidlərə qarşı dayanıqlılıq artır.

İnstitutun baş elmi işçisi dosent Fərqanə Abdullayeva Azərbaycan Elm Fondunun “Sosial kiberfiziki sistemlərdə fərdi məlumatların qorunması üçün süni intellekt üsullarının işlənməsi” qrant layihəsi çərçivəsində görülən işlər haqqında məruzəni təqdim edib. O, layihənin məqsədinin sosial kiberfiziki sistemlərdə toplanan fərdi məlumatların qorunması üçün maşın təlimi və dərin təlim əsaslı süni intellekt üsullarının işlənməsindən ibarət olduğunu diqqətə çatdırıb.

“Kritik informasiya infrastrukturu kibertəhlükəsizliyinin təmin edilməsi” mövzusunda məruzə ilə çıxış edən institutun baş elmi işçisi dosent Lyudmila Suxostat qeyd edib ki, milli kritik infrastrukturun əsasını Sənaye 4.0, elektrik enerjisinin istehsalı və bölüşdürülməsi, su təchizatı, neft-qaz hasilatı və təchizatı, kimya və qida sənayesi, telekommunikasiya və s. təşkil edir. Onun sözlərinə görə, ən müasir texnologiyalar və strategiyalar kritik infrastruktur üçün kibertəhlükəsizliyin qarşısında dayanan perspektiv vəzifələr formalaşdırır.

Elmi seminarda institutun “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev “Kibertəhlükəsizlik sahəsində qabaqcıl beynəlxalq hüquqi və normativ-texniki alətlər” mövzusu üzrə çıxış edib. Məruzəçi beynəlxalq hüquqi çərçivələr, regional tənzimləyici alətlər, qlobal təhdidlər, yeni trendlər və kibertəhlükəsizliyin gələcəyi haqqında məlumat verib.

Tədbirdə, həmçinin “Ağıllı şəhər” mühitində sistemlərin kibertəhlükəsizliyinin təmin edilməsi”, “Pilotsuz uçuş aparatlarının naviqasiya sisteminə olan kiberhücumların aşkarlanması”, “Sosial təyinatlı kiberfiziki sistemlərdə fərdi məlumatların mühafizəsi metodları”, “Milli informasiya məkanında informasiya təhlükəsizliyi risklərinin analizi və qiymətləndirilməsi”, “Kritik informasiya infrastrukturlarında kibertəhlükəsizlik risklərinin müəyyənləşdirilməsi”, “İnternet mühitində uşaqların müxtəlif təhdidlərdən və zərərli kontentlərdən mühafizəsi üsulları”, “Kibertəhlükəsizlik insidentlərinin aşkarlanması və analizinin kiberkriminalistik metodları” haqqında məruzələr dinlənilib.

Akademik R.Əliquliyev təqdim olunan hər bir məruzəni yüksək qiymətləndirib, aparılan tədqiqatların informasiya təhlükəsizliyinin aktual elmi-praktik problemlərinə həsr olunduğunu, mühüm nəticələrin əldə edildiyini bildirib. “Virtual məkanda kibercinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə rəqəmsal kriminalistik ekspertiza sahəsində araşdırmalar aparılmasına, yüksəkixtisaslı kadrlar hazırlanmasına böyük ehtiyac var”, – deyən alim ölkəmizdə ilk dəfə olaraq İnformasiya Texnologiyaları İnstitutunda bu istiqamətdə tədqiqatlara başlanıldığını diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti sosial təyinatlı kiberfiziki sistemlərdə toplanan fərdi məlumatların qorunması, saxlanması, dövlət tərəfindən tənzimlənməsi, eyni zamanda, insanların şəxsi həyatına dair məlumatların onların icazəsi olmadan ictimaiyyətə ötürülməsi və digər təhlükəsizlik problemlərinin həllində süni intellekt texnologiyalarının tətbiqinin vacibliyini vurğulayıb, bu istiqamətdə tədqiqatların davam etdirilməsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib.

 

 

Seçilən
58
tehsil.biz

1Mənbələr