AZ

Əlilliyi olan şəxslərin XII Ümumrespublika yaradıcılıq-sərgi müsabiqəsinə start verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar Əlilliyi olan şəxslərin XII Ümumrespublika yaradıcılıq-sərgi müsabiqəsinə start verilib.

AZƏRTAC xəbər verir ki, yaradıcılıq-sərgi müsabiqəsi "Şərq Bazarı" ticarət kompleksi və Azərbaycan Rəssamlıq Akademiyasının dəstəyi ilə həyata keçirilir.

Noyabrın 30-u, dekabrın 1-i və dekabrın 10-da "Şərq Bazarı" ticarət kompleksində keçiriləcək tədbirdə Bakı və respublikamızın bölgələri üzrə əlilliyi olan 195 şəxsin 2500 əl işi nümayiş olunur.

Sərgidə rəsm, xalçaçılıq, toxuculuq, bədii tikmə, bədii oyma, oyma ilə suvenir hazırlanması, muncuqlar ilə suvenir hazırlanması və digər nominasiyalar üzrə nümunələr təqdim edilir.

Yaradıcılıq nümunələri münsiflər heyəti tərəfindən əlilliyi olan şəxslərin yaş qrupları da nəzərə alınmaqla qiymətləndiriləcək. Müvafiq nominasiyalar üzrə yer tutan müəlliflərə diplom və mükafatlar, həmçinin sərgi-müsabiqənin digər iştirakçılarına həvəsləndirici mükafatlar və təşəkkürnamələr təqdim olunacaq.

Dekabrın 3-6-da isə satış sərgisi Azərbaycan Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində davam edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sosial proqramlar departamentinin müdiri Azər Rzayev AZƏRTAC-a bildirib ki, təqdim edilən əl işlərinin qiyməti əlilliyi olan şəxslərlə birgə razılaşdırılıb və hazırlanmış əl işlərinə müvafiq olaraq qiymətləndirilib.

Qeyd edək ki, ənənəvi olaraq keçirilən müsabiqənin məqsədi əlilliyi olan vətəndaşlarımızın hazırladıqları əl işlərinin satışını təşkil etməklə onların fəaliyyətinin stimullaşdırılması, xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarımızın cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsidir.

Seçilən
24
yeniazerbaycan.com

1Mənbələr