Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli sərəncamı ilə Xankəndidə Qarabağ Universitetinin yaradılması tarixi zəfərimizin önəmli təcəssümlərindən biri oldu. Dünən ali məktəbin təsis edilməsinin ilk ildönümü universitetdə təntənə ilə qeyd edilib.
Şənlik incəsənət fakültəsinin xorunun ifasında Dövlət Himninin səsləndirilməsi və Qarabağın azadlığı uğrunda qurban getmiş şəhidlərin xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov ali təhsil ocağının bir illik fəaliyyətində diqqətçəkən məqamlardan söz açıb. Qısa müddətdə əldə edilən nailiyyətlərdən danışan ali məktəb rəhbəri Qarabağ Universitetinin yalnız regionun deyil, ölkənin təhsil sistemində də önəmli rol oynamaq üçün bir sıra layihələr hazırladığını bildirdi. O, universitetin Qarabağ bölgəsinin təhsil və mədəniyyəində, eləcə də sosial-iqtisadi həyatının inkişafına mühüm töhfələr verəcəyini vurğulayıb.
Mərasimdə təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetinin kollektivini təbrik edib, ali məktəbə fəaliyyətində yeni uğurlar arzulayıb. O, böyük qələbəmizin töhfəsi, suverenliyimizin ifadəsi və öyünc timsalı olan Xankəndi universitetinin qısa müddətdə formalaşdırılmasının ciddi uğur olduğunu və təhsil, elm və innovasiya sahələrində fəaliyyətinin ölkə üçün önəmini vurğulayıb. Zəfər ünvanlı təhsil ocağında tədris prosesinin beynəlxalq meyarlara uyğun təşkil edildiyini, tələbələrə müasir və keyfiyyətli bilik-bacarıq əldə etmək imkanları təqdim olunduğunu qeyd edən nazir Qarabağ Universitetinin yaradılmasının tarixi hadisə olduğunu söyləyib.
Əlamətdar məclisi ali məktəbin “Cadenza” orkestrinin, incəsənət fakültəsinin müəllimi olan tanınmış sənət adamlarının və tələbələrin ifası müşayiət edib, milli müsiqi nömrələri iştirakçılara bayram əhvalı yaşadıb. Fakültə ali məktəbin ad gününə dekorativ-tətbiqi sənət sərgisi də hədiyyə edib.
T.AYDINOĞLU
XQ