AZ

Nizami Gəncəvinin “Xəmsə”sinin türkcə tam toplusu 2026-cı ildə nəşr olunacaq

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsinin incisi olan “Xəmsə”nin (“Beşlik”) orijinaldan türk dilinə tərcüməsi prosesinin 2026-cı ilə qədər başa çatdırılması planlaşdırılır.

Bu barədə AZƏRTAC-a layihənin müəllifi, Atatürk Universitetinin (Ərzurum) fars dili və ədəbiyyatı kafedrasının müdiri, “İsgəndərnamə” poemasının artıq türk dilinə tərcümə edilən professor Nimet Yıldırım bildirib.

Onun sözlərinə görə, Nizaminin daha bir poeması olan “Sirlər xəzinəsi” də tərcümə olunub və çap mərhələsindədir. “Kitab bu ilin sonuna kimi işıq üzü görəcək”, - deyən N.Yıldırım “Leyli və Məcnun” poemasının bu ölkədə türk dilinə tərcüməsinin 2025-ci ilin yazında nəşrinin planlaşdırıldığını qeyd edib. Qalan iki poema isə 2026-cı ilin birinci yarısında Türkiyə ictimaiyyətinə təqdim olunacaq.

Professor vurğulayıb ki, nizamişünasların əsas vəzifəsi “Nizami mədəniyyəti”ni Türk dünyasında yaymaqdır.

O, Nizamini fars şairi kimi təqdim etmək cəhdlərini kökündən səhv adlandırıb. “Əsərləri farsca olan böyük türk mütəfəkkiri Mövlanəni də səhvən fars filosofu adlandırırlar, lakin bu, mahiyyəti dəyişmir. Bizim üçün əsas odur ki, Türk dünyasında belə parlaq şəxsiyyətlər yaşayıb və yaradıblar. Nizami, Mövlanə və başqaları təkcə Azərbaycanın və ya Türkiyənin deyil, bütün Türk dünyasının qürur mənbəyidir”, - deyə Atatürk Universitetinin müəllimi vurğulayıb.

O, Nizami irsinin Türkiyədə təbliğinə verdiyi dəstəyə görə ölkəmizin Ankaradakı səfirliyində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinə də təşəkkürünü bildirib.

Seçilən
21
yeniazerbaycan.com

1Mənbələr