AZ

Millət vəkili Jalə Əliyeva yazır-Vətənə qayidışın mübarək Laçın

Bundan dörd il əvvəl olduğu kimi, bu gün də hər bir azərbaycanlı Laçın rayonunun işğaldan azad edilməsi ilə bağlı Xilaskar Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin söylədiyi tarixi nitqini qürurla xatırlayır: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

2020-ci ilin 27 sentyabrından başlayaraq 44 gün davam edən Vətən müharibəsində Şanlı Ordumuzun ermənilərə qarşı əks hücumu zamanı Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini, məğlubedilməzlik miflərini cəsarətlə yarıb keçən əsgər və zabitlərimizin qəhrəmanlığı, şəhidlərimizin qanı və canı bahasına torpaqlarımız işğaldan azad edildi. Tariximizə ən şərəfli səhifə kimi düşən bu Zəfərlə Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoyaraq, bir güllə atmadan, bir şəhid vermədən Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etdi.
Ermənistan ordusu tamamilə darmadağın edilərək kapitulyasiya aktına imza atmağa məcbur oldu. Ermənistanın imzaladığı kapitulyasiya aktına əsasən həmin il dekabrın 1-də erməni hərbi birləşmələri Laçın rayonunun ərazisindən çıxdı və bununla da otuz ilə yaxın davam edən işğala son qoyuldu. Daha bir rayon bir güllə atılmadan, bir şəhid vermədən öz əzəli sahibinin nəzarətinə keçdi.

Vətən müharibəsindəki Zəfərin davamı olaraq 2022-ci ilin avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürdü.Təslimçilik razılaşmasına məcbur edilən Ermənistanın işğal etdiyi sonuncu rayonu tərk etməsi və milli qoşun birləşmələrinin bölgəyə girməsi ilə Laçın şəhəri üçün yeni mərhələ başlandı. Nəhayət, sentyabrın 21-də Prezident, Ali Baş Komandan İlham Əliyev şəhərdə Azərbaycanın Dövlət Bayrağını ucaltdı.

Ötən il aprelin 23-də Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi yaradıldı. Bununla da proses öz məntiqi sonluğuna çatdı. Bunun davamı olaraq, Azərbaycanın bütün ərazisində Konstitusiya quruluşunun bərpa edilməsini təmin etmək məqsədilə 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri həyata keçirildi. Qarabağ bölgəsində separatçı-terrorçuların 10 mindən çox canlı qüvvəsi, 200-dən çox texnikası təslim edildi. Sentyabrda aparılan antiterror tədbirlərindən sonra Laçının daha bir neçə kəndi Azərbaycanın nəzarətinə keçdi.

İşğaldan azad edildikdən sonra artıq dörd ildir ki, rayon ərazisində möhtəşəm bərpa-quruculuq fəaliyyəti həyata keçirilir, böyük tikinti-abadlıq işləri aparılır. Laçına həyat yenidən qayıdır. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına dönürlər. Şəhərə ilk köç 2023-cü ilin may ayına təsadüf edib. Həmin il mayın 28-də ölkə Prezidenti cənab İlham Əliyev Laçın şəhərinə ilk qayıdan sakinlərlə görüşdü, evlərin açarlarını onlara təqdim etdi.

Rayonun Zabux və Sus kəndlərinə sakinlərin qayıdışı təmin olundu. Köçürülən ailələrin vaxtilə yaşadıqları, işğala son qoyulandan sonra bərpa edilən və ya yenidən tikilən evlərində məskunlaşması prosesinə başlanıldı. Bu işlər bu gün də uğurla davam etdirilir.

Prezident İlham Əliyev 2023-cü il mayın 28-də Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən bəhs edərək dedi: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.
Bəli! Bu gün Laçının işğaldan azad edildiyi günün dördüncü ili tamam olur! Sevincliyik, qürurluyuq! Vətənə qayıdışın mübarək, Laçın!

Jalə Əliyeva

Milli Məclisin deputatı

Seçilən
24
12
xalq.az

10Mənbələr