AZ

Bakıda verilən qərar Makronu dizüstə qoydu

“İkinci Qarabağ müharibəsindən sonra Makron administrasiyası Azərbaycana qarşı hücumlar təşkil etməyə cəhd göstərir. Fransanın ədalətsiz, qərəzli və düşmən mövqeyi ilə qarşılaşırıq”.

Bunu Musavat.com-a açıqlamasında “Siyasi və Hüquqi Araşdırmalar Mərkəzi”nin (SHAM) sədri Xəyal Bəşirli deyib.

 xeyal.jpg

Politoloqun sözlərinə görə, bu qərəz COP29 tədbirlərinin keçirildiyi günlərdə də açıq şəkildə sezildi:

“Fransa hər vəchlə çalışdı ki, tədbirə qatılanları boykot etməyə razılaşdırsın. Təbii ki, bu, uğurlu addım olmadı. Lakin bütün hallarda Fransanın düşmən mövqeyi bir daha özünü təsdiq etdi. O, tədbirdə özü iştirak etməməklə qalmadı, həm də Ermənistanın iştirakına mane oldu.

Fransalı nazir bildirdi ki, prezident İlham Əliyev bu ölkənin müstəmləkə siyasətini sərt tənqid etdiyinə görə onlar COP29-a qatılmayacaqlar.

Əslində Fransa özünə güvənən tərəf olsaydı, sadalanan bu arqumentləri təkzib edərdi və ona qarşı əsaslı fikirlər söyləyərdi. Fransanın elə şansı var idi. Lakin gözəl bilirdilər ki, İlham Əliyevin səsləndirdiyi fikirlər reallığı əks etdirir. Ona görə də dövlət başçısının dediyi fikirlərə qarşı arqument qoya bilmədi. Buna görə də Makron həll yolunu qaçıb gizlənməkdə gördü.

Fransa və Ermənistan tədbirdə iştirak edib-etməsə də, Azərbaycan tərəfi ədaləti dilə gətirməkdən yayınmadı. Fransa isə bu günə qədər iqlimə zərər vurmaqda davam edir. Ermənistan ekocinayətləri Qarabağda, Fransa isə dövlət səviyyəsində ayrı-ayrı regionlarda törədib. Həmin ərazilərdə nüvə silahlarını sınaqdan keçiriblər. Ona görə də Fransanın iqlim dəyişmələri ilə bağlı tədbirdə iştiraka heç mənəvi haqqı yoxdur.

Azərbaycan COP29-un qlobal birliyin tədbiri olduğunu nəzərə alıb bütün dövətləri, hətta Ermənistan və Fransanı da dəvət etmişdi. Onlar isə xislətlərini ortaya qoydular. Fransa Avropanı bağ, dünyanın qalan yerlərini isə cəngəllik adlandıran Cozep Borrell düşüncəsi ilə proseslərə yanaşır.

Azərbaycan bu qərəzli münasibətlərə, təxribatlara uğurlu təşkilatçılığı ilə cavab verdi. Fransanın gözləmədiyi nəticə əldə olundu. Ölkəmiz iqlim siyasətində dönüş nöqtəsini reallaşdırdı”.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Bakıda keçirilən COP29-da fransız danışıqçılar qrupunun işindən son dərəcə narazı qalıb.

Makron Fransa nümayəndə heyətinə Bakıda keçirilən COP29-da konsensus və nəticələrin əldə olunmasının qarşısını almaq barədə tapşırıq verib. Lakin onun istəyi baş tutmayıb. Belə ki, COP29 danışıqlarında “Bakı dönüşü” adlandırılan razılaşma əldə olunub, Böyük Britaniya, ABŞ və Çin onun nəticələrindən razı qalıb. Fransa və Hindistanı isə nəticə qane etməyib.

Xatırladaq ki, COP29-da qəbul edilən qərarlar inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığın yeni mərhələsini açır. Yeni razılaşmaya əsasən, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim tədbirləri üçün hər il 100 milyard dollar əvəzinə 2035-ci ilə qədər 300 milyard dollar vəsait ayırmağı öhdəliklərinə götürüblər. Bu vəsait təbii fəlakətlərin zərərini azaltmaq, bərpa olunan enerji keçidini dəstəkləmək və yoxsulluğun azaldılması üçün istifadə olunacaq.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
46
1
musavat.com

2Mənbələr