AZ

“Neftçi"nin baş məşqçisi: “O məni narahat edir” - VİDEO

"Neftçi"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 15-ci turunda "Qarabağ"a 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında oyunçuların potensialı ilə bağlı suala belə cavab verib:

"Potensialdan danışmaq istəmirəm. İşimizin başlanğıc fazasındayıq. "Neftçi"nin baş məşqçisi, ya futbolçususansa, sənə bu cür oyunlarla qiymət verilir. Ona görə futbolçuların potensialını bir oyunla ölçmək istəmirəm. Çünki görəcək işlərimiz və bu cür oyunlar çox olacaq. Qarşıma qoyulan hədəflər isə "Neftçi"nin hədəfləridir. Əvvəlcədən demişdim ki, hədəflərimiz yüksəkdir. Ona doğru getməyə çalışacağıq. Görəcəyimiz iş çoxdur. Bura gəlməmişdən əvvəl komadada ruh düşkünlüyü önə çıxırdı. Bunu siz də görürdünüz və bilirdiniz. Bura gəldikdən sonra isə əmin edirəm ki, görünməyən və bilmədiyiniz problemlər daha çoxdur. Nəticəyə bağlamıram, amma xoş olan odur ki, futbolçularda inkişaf görünür. Əhval-ruhiyyə yaxşıya doğru gedir. Bu gün üzücüdür. Ümid çox idi. Atmosfer də yaxşı idi. Bunu azarkeşlərimiz etmişdilər. Sağolsunlar".

Mütəxəssis "Ramil Şeydayevin oyunu sizi qane edir?" sualına belə cavab verib: "Üzrlü hesab edin, tək-tək futbolçuları soruşsanız, cavab verməyəcəyəm. Çünki əsas komandadır. Futbolçuları bölmək istəmirəm. Siz sezdiyinizdən, gördüyünüzdən daha problemli məsələlər gördüm. O məni narahat edir. Sırf bəzi futbolçularla bağlıdır. Bu, məni çox narahat etdi. Üzərində dayanacağıq. Hansısa futbolçu və əsas da mediada müzakirə olunan futbolçular haqda danışmaq istəmirəm".

S. Abasov komandasının oyuna istəkli çıxdığını bildirib: "Çox istəkli idik. Həm oyunda, həm oyundan əvvəl. Amma son paslarda, son nöqtəni qoymaqda çatışmazlıqlar var idi. Qapımızda da çoxlu hücumlar gördük. Biz də əks-hücuma yaxşı çıxmağa çalışırdıq. Fasilədə bildirdiyim irad o idi ki, son nöqtədə ürəyini qoymalısan. Epizoda girə bilirdik və çalışırdıq. Əfsuslar olsun ki, son nöqtələri qoya bilmədik. Bunu da mən sırf psixoloji durumla bağlayaram. Futbolçularım həmin anlarda rahat deyildilər. Bu, məni narahat edirdi. Belə qol buraxmalı deyildik. Birinci hissə Yuri Matiasın buraxdığı səhv və ilk qoldan danışmaq istəmirəm. İkinci hissədə komanda kimi belə reaksiya verməli deyildik. Oyunu öz xeyrimizə çevirməli idik. Əfsuslar olsun, oyunun qırılma nöqtəsi həmin qol oldu".

O, avrokuboklara getmək hədəflərindən danışıb: "Kubokda da şansımız var. Amma bu, o demək deyil ki, çempionatı boşa verəcəyik. Son nöqtəyə kimi vuruşacağıq. Dörd gündən sonra kubok matçımız var. Amma hər liqa oyununa bizi avrokuboklara daşıyacaq oyun kimi çıxacağıq. Açığı, bu gün hesab məni üzdü. Biz bunu kənara atıb, kubokdan yapışa bilmərik. Adımıza yaraşmaz. Kubokdan avrokuboklara yol asan görünə bilər. Amma kubok 1-2 oyundan ibarətdir. Hər şey baş verə bilər. Sona qədər gedəcəyik".

Mütəxəssis qarşıdakı turda "Sumqayıt"la oyunda gözlənilərn ab-havadan söz açıb: "Ab-havanı "Neftçi" özü yaradır. "Neftçi" hansı səfərə gedirsə, azarkeş sayı birə-beş qalxır. Ab-hava da normal bir şeydir. Bu "Neftçi"nin adı ilə bağlıdır. İnanıram ki, bu ab-havaya yaxın atmosfer olacaq".

S. Abasov heyətlə bağlı fikirlərini də bildirib: "Nə etsən də bu heyətdən nəsə formalaşdırmalısan. Bu heyət kimsə üçün xoş olmaya bilər. Amma biz bu 20 futbolçunun içindən heyət formalaşdırmalıyıq. Bura gələndə bilirdik kimlərlə, hansı futbol oynayacağıq. Bunlar getsin, digərləri gəlsin deyə bir şey yoxdur. Bu cür şeyləri göz qabağına almışdıq. Əsas odur ki, soyuqqanlı olmalıyıq. Özümüzü nəzərdə tuturam, azarkeşləri yox. Bilirəm ki, hamı üzülüb. Mənim sözlərim onlara dərman deyil. Amma biz özümüz vəziyyəti soyuqqanlı analiz etməliyik. Kimisə ataq, onu çıxaraq, bu belə oynadı, o elə oynadı, Yuri səhv etdi.. Belə olmayacaq. Bu heyətdən ən yaxşıları çıxarıb işimizə davam etməkdir".

O, komandasının sərt oynamasını və qırmızı vərəqə almasını istəməyib: "Komandamız oyuna tam başqa ab-hava ilə çıxmışdı. Bilirdik ki, oyunun içində çətinliklər yaranacaq. Çünki "Qarabağ"a qarşı oynayırdıq. Oyun ərzində də hazırlığımızın yaxşı tərəflərini görməyə başlamışdıq. Sadəcə özümüzdə özünə inam yarandığı halda buraxdığımız qol təsir etdi. Fasilədə çalışırdım danışım futbolçularla. Amma ondan sonrakı qolları da mən səhvə bağlayıram. İstəməzdim ki, belə bir halda çirkin futbol oynayaq. Ən azından tapşırıqları, tempi qoruyub çıxara bilməkləri lazım idi ki, bu gün məğlub olsaq da, sabaha nəsə çıxaraq. Amma kiminsə ayağını qıraraq istəyini göstərəcəksə, yaxşı hal deyil. Hər bir futbolçu insandır. Həddindən artıq aqressivliyin fəsadları olur. Buna bir baş məşqçi kimi icazə verə bilmərəm".

Mütəxəssis qışda planlaşdırılan transferlərdən danışıb: "Öz aramızda danışırıq. Hansı tip futbolçu istədiyimizi götür-qoy edirik. Elə mövqelər var ki, liqamızda həmin mövqeyə o cür futbolçu lazımdır. Həmin futbolçunu tapacağıq, gətirə biləcəyik, onu danışacağıq".

S. Abasov "Mətbuat konfransı elə danışdınız ki, sanki bütün məğlubiyyətin səbəbkarı futbolçular idi. Ramil Şeydayev "Qarabağ"ın sabiq futbolçusudur və müdafiəçiləri daha yaxşı tanıyır onu. Başqa hücumçu ilə başlamaq olmazdı?" sualına belə cavab verib: "Nədən bu fikirə gəldiniz ki, futbolçuları günahlandırdım? Fərdi səhvlərdən danışmaq ayrıdır. Ramilə gəldikdə isə sizin şəxsi fikrinizdisə, normaldır. Ramil Şeydayev "Qarabağ"dan gəlib, onlara qarşı oynamayacaq deyə bir şey var?

Digər hücumçulara gəldikdə, Darbo var. O, bu gün oyunçu olaraq ehtiyatda oturmuşdu. Heyətdən çıxarmaq istəmədik. Darbo oyuna çıxası vəziyyətdə deyildi. Zədədən sonra qayıtmışdı. Ağadadaş Salyanski, Yeqor Boqomolskiyə gəldikdə... Olsun da, bəlkə səhv seçim idi. Amma bunu qəbul etmirəm. Ramil Şeydayev bu gün çox xeyir verməyə can atırdı. Özünü də bəlkə "Qarabağ"a sübut etməyə can atırdı. Təhlükəli epizodlarda da Ramil idi. "Qarabağ"ın müdafiəçiləri Ramili bu qədər tanıyırsa, onu necə buraxdılar?"

Seçilən
25
sportinfo.az

1Mənbələr