2025-ci ildən bazarlarda fəaliyyət göstərən sahibkarlardan vergi uçotunda olmaları tələb ediləcək.
Publika.az xəbər verir ki, bu barədə Vergi Məcəlləsinə gözlənilən dəyişikliklərdə nəzərdə tutulub. Məcəlləyə dəyişikliklər hazırda Milli Məclicdə baxılır və onun təsdiqlənəcəyi şübhə doğurmur.
Yeniliyə əsasən bazarlarda ticarətlə məşğul olan sahibkarlar vergi uçotunə alınacaq və yalnız bundan sonra onların fəaliyyətinə icazə veriləcək. Əks təqdirdə bazarların sahibləri (mülkiyyətçiləri) və ya idarəçiləri cərimə ediləcək. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulub.
Sahibkarlar isə bu qərarla bağlı narazılıqlarını bildiriblər. “Vergi ödəyəndən sonra bizə nə qalacaq? Narkotik satmırıq, başqa şey etmirik. Qanun nəyi tələb edirsə, onu edirik”, – deyə onlar söyləyiblər.
İqtisadçı Xalid Kərimli bildirib ki, vergi uçotunda dayanmaq sahibkarların müəyyən qədər xərclərini artıracaq prosesdir:
“Amma bunun sözügedən məsələyə görə birbaşa qiymət artımına gətirib çıxaracağını demək asan deyil. Bazardakı qiymətlər xərclərdən asılı olsa da, rəqabətdən də ciddi şəkildə asılıdır. Sahibkar artan xərcini iki formada qarşılayır. Birincisi, öz qazancı aşağı düşür, ikincisi isə qiyməti artıra bilir. Qiyməti artırması da bazardakı vəziyyətdən asılıdır. Kiçik sahibkarların hamısında bu problem olacağına görə mümkündür ki, müəyyyən dərəcədə qiymətlərə təsir etsin”.