AZ

Bu qəhrəman qıza baxanda insan qürur duyur - VİDEO

Vətən müharibəsi iştirakçısı, Quru qoşunların Komando kəşfiyyat tağım komandiri İqbal Səfərov Gürcüstan hadisələri ilə bağlı maraqlı təhlil yazısı yazıb.

Musavat.com mövzunun aktuallığını nəzərə alaraq yazını təqdim edir:

Avropa ilə daha da sıx əlaqələr istəyən etirazçı kütlə Avropaya, Amerikaya bel bağlamağın acı Ukrayna təcrübəsini başa düşən, üzü Rusiyaya istiqamətinə getməyi seçən, amma rotasında xeyli yanlışlıqlar edərək ortada qalan hakim partiya...

Hər iki tərəfin də özlərinə görə haqlı tərəfləri var...

Belə bir video qarşıma çıxdı. Yəqin ki, video çoxlarınızın rastına çıxıb.

Dövlətinin müqəddəs bayrağını özünə sipər edərək soyuq havada soyuq sudan qorunmağa çalışan gözəl bir xanım, həm də vətənini sevdiyi hər halından bəlli olan qəhrəman bir xanım. Qəhrəman deyirəm, çünki... Çünkisini izah edəcəm.

Amma...

Elə məsələ də bu ammalardadır...

Bir müddət Amerikada, Kanadada yaşayan bir azərbaycanlı kimi çalışacam hadisələrə qıraqdan dayanaraq və ən əsası, tərəf tutmadan öz baxışımla izah verməyə çalışam...Həvəsiniz olsa oxuyarsız.

Mənimlə razı olanlarınız olacaq, amma bilirəm ki, hadisələrin mahiyyətini tam anlamağa çalışmadan razılaşmayanlar da olacaq.

Sadəcə bir şeyi heç vaxt unutmayaq. Heç bir dövlət başqa bir dövlətin daxili işlərinə qarışmalı deyil. Nə Rusiyası, nə Qərbi, nə də Amerikası. Əgər qarışırsa, deməli, ortada əməlli-başlı maraqları var. Amerikanın nəyinə lazım okeanın o tərəfindən durub gəlsin və bir əyalətindən də balaca olan Gürcüstanda demokratiya yaratsın ya yaratmasın...Gəlirsə, deməli, məsələ çox ciddidir.

Amerikanın demokratiya gətirmək istədiyi ölkələrə də baxaq. İraq, Suriya, Əfqanıstan, Liviya və nəhayət Ukrayna...İndi də qonşu Gürcüstan...Siyahını artırmaq da olar. Məncə, yetərlidir...

Avropadan danışsaq əgər... Misal üçün, Fransa. Dünyada sülh göyərçini rolunu oynamağa çalışan bu inkişaf etmiş Qərb dövlətinin illərlə yürütdüyü müstəmləkə siyasətinə, insanları sömürdüyünə, törətdiyi qətliamlara baxsaq...Baxaq da. Baxmalıyıq axı...Bəs bunu hara yazaq ?!....

Gəlin, ən başda özümüzə etiraf edək...

İllərlə torpaqlarımız işğal altında qaldı...Xocalıda analarımız, körpələrimiz təhqir olundu...Harada idi demokratik Qərb?! Məgər bizim körpəmizin Amerikada, Fransada doğulan körpədən nəyi əskikdir ki?! Axı, uşaq nə başa düşür harada doğulub, hansı şəraitdə dünyaya gəlib. Taxtadan oyuncaq versən, özlərini xoşbəxt sayan uşaqlar Xocalıda soyqırıma uğrayanda, soyuqdan donanda Qərb, Amerika və ya Rusiya hara baxırdı...

İstəsəydilər, bircə zənglə həll edərdilər. Amma illərlə variant üzərinə variant... Bax elə məsələ də budur! Bizdə də elə qonşu Gürcüstanda da!

Ukraynada qətl edilən körpə həyatlarına sizcə, bu demokratiya aşiqlərinin zərrə ürəkləri yanırmı?! Ya Suriyada, bəlkə İraqda?! Hansında?!

Onlara doğru qucaq açmaq istəyəndə sadəcə olaraq bircə nümunə axtarıram... Bir müddət Amerikada yaşamışam... Oralar elə gözəldir ki... Amma gözəllik gərək insanı aldatmıya.... Onların bir deyimi var - " Hər şey Amerika xalqı üçün!" Biz ki, onların xalqı deyilik. Özümüzü niyə aldadaq?!

Niyə onlara oxşamağa çalışaq?! Axı, onlarda küçədə getdiyin yerdə yıxılsan, bir nəfər belə əlini uzadıb sənə kömək etməyəcək. Bəlkə səhv deyirəm?! Bizdə evində yeməyə heç nə tapmasan belə, qonşunun qapısını döyüb, iki yumurta alıb uşağını məktəbə tox yola sala bilərsən heç olmaya... Bəs onlarda? Acından ölsən, kimsə sənə əl uzatmaz. Milli-adət ənənələrə, dəyərlərə sahib olmayanlar indi durub gəlib bölgəmizdə min oyundan çıxmağa çalışırlar.

Bizim adət-ənənələrimiz var. Dəyərlərimiz var. Böyüyə sayğımız var. Onlarda avtobusda gedəndə bir nəfər ayağa qalxıb yaşlı insana yer verməz... Bizdə isə əksinə, hörmətsizlik edəni hamılıqca qınayaraq.

Çalışaq onlara oxşamayaq dostlar. Baxaq, incəliyək bizə faydalı tərəfləri, texnologiyalarını istifadə edək, öyrənək. Amma qəti şəkildə onlardan olmuyaq. Zatən istəsək də onlar buna icazə verməzlər.

Qayıdaq qonşu Gürcüstana...

Qonşu ölkə iki od arasında qalıb. Rusiya və Qərb.

Hökumət bilir ki, Rusiyaya üz döndərmək gələcəkdə nələrə gətirib çıxaracaq. Rusiyanı tanıtdırmağa ehtiyac yoxdur. Tariximizdə onların qanlı əlləri az deyil. Saymaqla bitməz. Gürcüstan da bunu yaşayıb, bilir və başa düşür....

Məsələ burasındadır ki, bizdən fərqli olaraq onlar balanslı siyasət apara bilmədikləri üçün indiki acınacaqlı vəziyyət yaranıb.

Hökumət etirazçı kütlənin qarşısında aciz qalıb. Onlara Rusiya haqqında müsbət nəsə tapıb deyə də bilmirlər... Nə desinlər?!

Hökumət Qərbin də etmək istədiklərini görür, anlayır... Bax əsl faciə də elə burada başlayır... Hökumət bilmir nə etsin. Hansı tərəfə qucaq açsın, kimə oxşasın!

Rusiyaya oxşamaq gərəkmir, cənablar. Rusiyadan üz döndərmək də gərəkmir. Coğrafiya kaderdir. Rusiya qonşumuzdur. Biz istəsək də, istəməsək də mövcuddur. Tarixi və güclü dövlətdir. Amerika okeanın o tərəfindən durub səni qurtarmağa gəlincə Tiflis darmadağın olunar. Heç Amerika da, Qərb də gəlib sənin yerinə ruslarla döyüşməz. Bu da ayrı bir fakdır. Bunu yaşamısınız, bilirsiniz.

Qərb də olmaq gərəkmir. Heç kimə oxşamaq lazım deyil. Özünüz olmaq, özünüzə oxşamaq lazımdır.

Qonşuda Qərb qazanarsa, Ermənistan üçün daha əlverişli şərait yaranacaq. Hər nə qədər hadisələrə ürək ağrısı ilə kənardan dayanıb baxsaq da, bu da bir gerçəklikdir. Bunu da düşünməliyik.

Gürcüstanın Qarabağ müharibəsində bizə tərəf durduğunu da unutmaq lazım deyil. Hətta Qərbə rağmən! Hətta Rusiyaya rağmən! Öz olmaq, özün olmaq bax belə bir şeydir. Əsl müstəqillik, əsl demokratiya budur. Haqqın yanında dayanmağı öz vicdanınla seçmək!

Təzyiqli soyuq suya qarşı müqəddəs bildiyi bayrağı sinəsinə sipər edən bu qəhrəman qıza baxanda kimliyindən asılı olmayaraq insan qürur duyur. Amma o qız bilmir ki, qoruduğu bayrağı Qərbə təslim etmək gələcəkdə ona nələrə başa gələcək! Əminəm ki, bilmir. O, sadəcə müqəddəs bayrağını Rusiyaya təslim etməmək üçün dirənir, mübarizə aparır. Soyuq havada təzyiqli soyuq suyun qarşısında cəsarətlə dayanır. Və düz də edir! Bayrağı qorumaq, bayraqla qorunmaq lazımdır!

Ölkəsi oyunlara qurban verilmək istənilir. Oyun içində oyun quranların oyununa... Və o qız da siyasətçi deyil. O, sadəcə insandır.

Gürcü xalqı qəhrəman xalqdır. Ümid edirəm və inanmaq istəyirəm ki, ortaq bir yol tapılacaq və qonşumuzda sabitlik bərpa olunacaq.

Ümid edirəm ki, sülhdən, demokratiyadan, insan haqlarından danışıb, xalqı qırğına verməkdən çəkinməyən, arxada dişlərini itiləyib gözləyən qərb qazanmıyacaq. Və yenə ümid edirəm ki, həmin bu qəhrəman xalq Rusiyanın qanlı əllərini də öz üzərlərindən qopardıb atacaq.

Çətindirmi? Əlbəttə, çətindir! Azərbaycan bunun canlı sübutudur.

Yadıma ölkə rəhbərimiz İlham Əliyevin ukraynalı xanım jurnalistə verdiyi cavab düşür:

"Ermənilər illərlə işğal etdikləri torpaqlarımızda at oynadanda sanmayın ki, bizim qürurumuza toxunmurdu. Biz çox pis hiss edirdik. Biz sadəcə müharibə istəmirdik, qan tökülməsinin qarşısını almaq istəyirdik. Sülh istəyirdik, ədalət istəyirdik. Sadəcə olaraq biz səbr edirdik. Doğru zamanın gəlməsini səbr edirdik və buna hazırlaşırdıq".

Bölgəmizdə sülh önəmlidir, sabitlik önəmlidir. Balanslı siyasət önəmlidir. Məhz bunlar üçün, Qarabağdan rusları sakitliklə çıxarmağı bacardığı üçün ölkə rəhbərimizə sonsuz minnətdarıq.

Dünyadan təcrid olunmaq doğru deyil. Davanızı, mübarizənizi anlayıram. Rusiyanı da, Qərbi də, Amerikanı da ölkənizə gətirin, amma rusiyalı, amerikalı və ya qərbli olmayın. Özünüz olun! Ölkənizi də özünüz idarə edin!

İQBAL.jpg

Hörmətlə,
Qazi, İqbal Səfərov

Seçilən
14
1
musavat.com

2Mənbələr