“Dekabr ayıdır, tezdən saat 8-ə qalır, amma hələ də ala qaranlıqdır. Küçələrdə məktəbə tələsən uşaqlar görünür. Hələ qışın sərt aylarında – yanvarda, fevralda – bu saatlar tamamilə zülmət olur. Sürüşkən yollar, soyuq hava və qaranlıq küçələr məktəblilər üçün təhlükəsiz deyil. Bununla belə, bu uşaqlar dərsə çatmaq üçün ən geci saat 7-də yuxudan oyanmağa məcburdurlar”.
KONKRET.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov məktəblərdə dərs saatlarının səhər saat 7:30-da, 8:00-də başlamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, səhər erkən saatlarda – alqaqaranlıqda dərsə getmək azyaşlı uşaqlara mənfi təsir göstərir:
“Bu vəziyyət təkcə fiziki deyil, həm də psixoloji və akademik təsirlər yaradır. Erkən oyanmaq kiçik yaşlı uşaqların təbii yuxu ritminə uyğun deyil. Onlar dərsə yorğun, diqqətsiz və motivasiyasız gəlirlər. Üstəlik, qaranlıqda məktəbə gedən şagirdlərin təhlükəsizliyi də ciddi narahatlıq doğurur”.
Ekspert deyir ki, qış aylarında dərsləri 1 saat gec başlamaq olar. K.Əsədov bu təklifini belə əsaslandırıb:
“Bu addım uşaqların sağlamlığını və təhlükəsizliyini qoruyar; Onların yuxu rejimini tənzimləyər və dərslərdə diqqəti artırar; Həm də valideynlər üçün erkən səhər tələsikliyini bir qədər yüngülləşdirər”.
K.Əsədovun sözlərinə görə, uşaqları sağlam və təhlükəsiz təhsil mühiti təmin etmək vacibdir:
“Məqsədimiz yalnız dərs vermək deyil, həm də uşaqlarımıza sağlam və təhlükəsiz bir təhsil mühiti təmin etməkdir. Qış aylarında məktəb dərslərinin başlanğıc saatını dəyişmək bu istiqamətdə atılan kiçik, amma çox önəmli bir addım ola bilər. Təhsil təkcə kitablarla yox, həm də uşaqlarımızın həyat keyfiyyətini artırmaqla inkişaf edir”.
Məsələyə münasibət bildirən təhsil eksperti Cahid İmanlı "Sherg.az"a bildirib ki, dərslərin gec başlaması üçün paralel olaraq kompleks dəyişikliklər lazımdır:
“Bu məsələdə ən çox etiraz edən elə valideyinlərin özləridir. Çünki əksər valideyinlər övladlarını məktəbə, yaxud da bağçaya yola salandan sonra işə gedirlər. Belə olanda onların da iş rejimi pozulur. Deməli hansısa müəsissələrin də iş rejimində dəyişiklik etmək məcbiriyyəti yaranır. Digər tərəfdən bir çox məktəblərdə ikinövbəli, üçnövbəli tədris mövcuddur. Dərslərin 1 saat gec başladığı zaman 2-ci və 3-cü növbənin şagirdlərinin dərsdən çıxma vaxtı da qaranlığa düşəcək. Qeyd edim ki, hazırda da şagirdlər 7-ci saatdan çıxanda hava artıq qaralmış olur. O zaman qeyd edilən zəruri fakt burada da keçərli olur. Demək ki, məsələni birtərəfli qaydada və bu şəkildə həll etmək düzgün deyil. Yalnız mövcud şərait imkan verdiyi halda, təhsil iştirakçılarının ümumi razılığı ilə hansısa ayrı-ayrı məktəblərdə bu qərarı yerinə yetirmək olar”.