Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə son günlər sosial şəbəkələrdə qadın həbsxanasında vəziyyətin acınacaqlı olması, qadın məhbusların keyfiyyətsiz məhsullarla təmin edilmələri barədə yayılan iddialara münasibət bildirib.
NOCOMMENT.az xəbər verir ki, sədr müavini Pravda.az-a açıqlamasında deyib ki, vəziyyətlə bağlı sahəyə yaxın şəxslərdən maraqlanıb, dəqiqləşdirmələr aparıb.
“Bir neçə il bundan əvvəl qadın həbsxanasına tədbirdə iştirak məqsədilə getmişdim. Həbsxanada qadınların xalça toxuculuğu və digər əl qabiliyyətləri ilə bağlı əməyə cəlb olunduqlarını müşahidə etdim. Qadın məhbusların bir çoxları ilə söhbətlərimiz də oldu. O zaman narazılıq ifadə edən olmamışdı. İndi də maraqlandım. Hazırda daha müasir tipli həbsxana fəaliyyətdədir. Hər bir məhbus üçün otaqlar ayırmaqla yanaşı, özlərini ifadə etmələri üçün kifayət qədər şərait də yaradılıb. Bildiyim qədəri ilə, qida məsələlərində də heç bir problem yoxdur. Cüzi hansısa problem varsa, bunu araşdırmaq mümkündür. Həmin müəssisənin rəhbəri də məhbuslara diqqətlə yanaşan şəxsdir. Məndəki məlumat belədir. Təbii ki, sosial şəbəkələrdə bəzən həqiqəti əks etdirməyən məlumatlar yayılır. Təəssüflər olsun, bu cür iddialar daha geniş arealı əhatə edir və insanların inanması baxımından həqiqəti sübut etmək çətinlik də yaradır. İstənilən halda hansısa məsələ ilə bağlı real konkret fakt olarsa, çalışıb araşdıra da bilərik. Təəssüf ki, sayı çox olmasa da, həbsdə olan qadınlarımız var. Allah hər birinin qapısını açsın. Tezliklə ailələrinə qovuşmalarını, normal həyata qayıtmalarını arzu edirəm”, – A.Əlizadə bildirib.