AZ

“Neftçi”nin dərdinin dərmanı kimdədir?

Qışda havaların soyuması, yağışın yağması və yaxud da yayda günəşin şüalarının canımızı isitməsi necə təbii prosesdirsə, "Neftçi”nin "Qarabağ"a məğlub olması da artıq belə təbiət hadisəsinə çevrilib. Qurban Qurbanovun meydana hansı heyəti buraxmasından, "Neftçi”ni kimin çalışdırmasından asılı olmayaraq nəticə eyni cür olur. 

Cavabı bilinməyən yeganə sual "Qarabağ”ın "Neftçi”nin qapısına neçə dəfə yol tapacağı, yəni ki, hansı hesabla qələbə qazanacağıdır. Əlbəttə ki, mövcud durum "Qarabağ” azarkeşlərinin ürəyincədir. "Neftçi”yə könül verənlər isə bu acınacaqlı vəziyyətdən təngə gəliblər. Çıxış yolu görünmür, tunelin sonu qaranlıqdır. Zaman göstərir ki, Bordinin, yaxud da Mutunun yola salınması, Samir Abasovun "Neftçi”yə ikinci dəfə qayıdışı məsələnin mahiyyətini dəyişməyib. Dərd orasındadır ki, "Neftçi” təkcə "Qarabağ”a uduzmur. Bu mövsüm 15 dəfə meydana çıxan "Neftçi” cəmi iki gələbə qazanmağı bacarıb. Rza Cəfərovun qoruduğu qapıya vurulan 23 topun əvəzinə rəqiblərin qapı toru 13 dəfə silkələnib, mənfi saldo 10-a bərabərdir. Bunun da qarşılığında 10 komandanın yarışdığı çempionatda "Neftçi” səkkizinci yeri tutur. Yəni ki, "ağ-qaralar”dan geridə yalnız "Kəpəz”lə "Səbail” yer alıb.

Yəni ki, işi-gücü buraxıb, "Qarabağ”la rəqabət aparılması barədə görüntü yaratmağa dəyməz. "Neftçi”nin "Qarabağ”la yarışması üçün irəlidə daha 6 komandanı ötmək tələb olunur. Bu gün üçün belə bir hədəfə çatmaq real görünmür. "Neftçi”nin gücü, taqəti, potensialı elə 8-ci yerlə layiqdir. Təsadüf bir oyunda olar, uzağı iki oyunda. 15 oyunun 13-də qələbə qazanılmayıbsa, deməli, problemi "Neftçi”də axtarmaq lazımdır. Komandanın idarəedilməsindən tutmuş transferlərinə, hətta baş məşqçi seçiminə qədər yanlışlarla doludur.

"Neftçi”nin dünənki məğlubiyyəti məni bir qədər geriyə, daha doğrusu, 2021-ci ilin oktyabrına qaytardı. Həmin vaxt Riad Rəfiyevin dostlarından biri Samir Abasovla Qurban Qurbanovun müqayisə edilməsi mümkünsüz məşqçilər olmasına işarə vurub belə yazmışdı: "Qurban hara, Samir hara...”. Həmin paylaşımın altında isə menecer və hal-hazırda "Neftçi”də əsas sahiblərindən olan Kamil Məmmədov "Faktlar aydındır. Amma Samirə də 15 il işləməyə imkan yaratsalar, böyük büdcə və dəstək versələr, nəsə alına bilər” qeydini etmişdi. O dövrdə "Neftçi”nin Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov da müzakirələrə qatılmış, Kamil Məmmədova müraciətlə "Maksimum Musiqi Komediya Teatrında səhnəquraşdıran” yazmışdı. Yəni ki, Samir Abasovun bacaracağı ən yaxşı iş "muzkomediya”da səhnə qurşadırmaq ola bilər.

Nə sirri-xudadırsa, həmin Samir Abasovu "Neftçi”dən ayrılandan sonra darıxmağa qoymadılar. Əvvəlcə elə Riad Rəfiyev onu "Sumqayıt”a baş məşqçi apardı. Ondan sonra da "Neftçi” təzminat bahasına Abasovu "Sumqayıt”dan ayırıb, paytaxt klubuna baş məşqçi gətirdi. Nəticələr göz qabağındadır. "Sabah”la qolsuz, "Şamaxı”yla qollu heç-heçə, "Araz Naxçıvan”a "quru” hesabla məğlubiyyət, "Qarabağ”la oyunda darmadağın... Hamının autsayder gözüylə baxdığı "Kəpəz”lə "Neftçi”ni cəmi 3 xal ayırır. Samir Abasovla "Neftçi” bir qarış da irəli gedə bilməyib. O zaman Roman Qriqorçukla Samir Abasovun nə fərqi oldu? Bəli, heç bir fərq yoxdur. Əksinə, Qriqorçuk rəhbərlikdən dəstək almırdı, amma Samir Abasov komandanın söz sahiblərindən maksimum dəstək alır. Hətta komandanın kapitanı Emin Mahmudov mikrofonlar önündə "Samir müəllim nə deyirsə, düz deyir” etirafını etməkdən çəkinməmiş, torbadakı pişiyin böyük olduğunu hamıya göstərmişdi.
Bəli, "Neftçi”nin dərdi böyükdür. Amma bu dərdin dərmanı nə indiki rəhbərlikdədir, nə də Samir Abasovda. Kimdə olduğunu da dəfələrlə demişik, yazmışıq. Qalır nəticə çıxarmaq...

Amal Abuşov
Seçilən
14
2
qaynarinfo.az

3Mənbələr