AZ

Azərbaycan banklarında əmanət faizləri ARTIRILIB - SƏBƏBLƏR

Azərbaycanın kommersiya bankları əhalidən cəlb etdikləri əmanətlər üzrə illik faiz dərəcələrini tədricən artırır. Bir müddət əvvəl banklar ən yaxşı halda illik 10,5 faizlə əmanət cəlb edirdi. Özü də bu cür faizlər bir ildən 3 ilədək olan müddətə şamil olunurdu. Əvvəllər qısamddətli, yəni 6 ay müddətinə qoyulan əmanətlər üçün illik 6-7 faiz dərəcəsi təklif edilirdi.

Modern.az-ın apardığı araşdırmalara görə, hazırda bir çox banklarda faiz dərəcəsi 11-12 faizə yüksəlib.

Nəzərə almaq lazımdır ki, hazırda 12 faizədək manatla yerləşdirilən əmanətlər sığortalanıb. Bəzi banklar əmanət faizlərini artıq maksimuma çatdırıblar. 

Azərbaycanda bankların təklif etdikləri manat əmanətlərinin faizləri depozitin müddətindən və faizlərin ödəmə tezliyindən asılı olaraq dəyişir. Qeyd edək ki, faizlər aylıq, rüblük və müddətin sonunda hesablanır.

Banklar əmanət faizlərini artıran zaman müxtəlif iqtisadi faktorları nəzərə alırlar. İnflyasiya təzyiqləri, Mərkəzi Bankın faiz siyasəti, bazar rəqabəti, bankların maliyyə ehtiyacları və xarici iqtisadi təsirlər, əmanət faizlərinin yüksəlməsinə səbəb olan başlıca faktorlardır. Bu səbəblər həm müştərilərə daha yüksək gəlir təmin etmək, həm də bankların maliyyə vəziyyətlərini möhkəmləndirmək məqsədi güdür. 

İqtisadçı-ekspert Rəşad Həsənov Modern.az-a açıqlamasında əmanət fazilərinin yüksəlməsinə aydınlıq gətirib. Ekspertin sözlərinə görə, burada birinci səbəb Mıərkəzi Bankın banklararası bazarın inkişafı ilə bağlı apardığı siyasətdir. Son 2 ildə bu istiqamətdə aparılan işlər müsbət nəticələrini verir.

“Banklarda, xüsusilə sistem əhəmiyyətli banklarsda izafi likvidlik əhəmiyyətli səviyyədə aradan qaldırıldı. Bu vəsaitlər banlkarası bazar vasitəsilə digər banklara ötürülməklə bazarda yerləşdirilməsinə müəyyən şərait formalaşdırdı. Nəticədə banklar fərqli seqmentlərdə vəsaitlər yerləşdirməklə əmanətlərin cəlbi üçün faiz dərəcələrini artırırlar.

İkinci səbəb 2024-cü ildə hər hansı sosial paketin açıqlanmaması və 2023-cü ildə 9 faizlik inflyasiya nəticəsində alıcılıq qabiliyyiətinin azalması bu il istehlak kreditlərinə tələbatı artırdı. Bu da banklara əmanətləri daha yüksək faizlə cəlb edib istehlak kreditlərinə yerləşdirmək üçün əlverişli şərait yaratdı. Düşünürəm ki, bu 2 faktor bank əmanətlərinin faizlərinə təsir edir.

Hesab etmirəm ki, hazırda həyata keçirilən bu siyasənt manatın dövriyyədən kənarlaşdırılması ilə bağlı siyasətdir. Çünki bu cür siyasət kommersiya bankları tərəfindən deyil, Mərkəzi Bank tərəfindən həyata keçirilir. Hələlik Mərkəzi Bankın siyasəti onu göstərir ki, indiki halda ciddi məzənnə riskləri yoxdur və kommersiya banklarının iştirakı ilə manatın dövriyyədən yığılması ilə bağlı işarə görünmür”. 

Əmanət faizlərinin artması kredit faizlərinə də  təsir edə bilər. Banklar müştərilərindən əmanət toplamaqla əldə etdiyi vəsaitlərdən kredit verirlər. Əmanət faizləri artarsa, banklar müştərilərə daha yüksək məbləğdə faiz ödənişləri edir. Bu zaman artan xərcləri qarşılamaq üçün banklar kredit faizlərini  artırmağa məcbur olur. 
Mərkəzi Bankın açıqladığı son  məlumata görə, depozit portfeli 34 milyard 374 milyon manatdır. Depozit portfelinin 59,4 faizi - (20 milyard 404 milyon manat) hüquqi şəxslərin, 40,6 faizi (13 milyard 970 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir. 

Fiziki şəxslərin əmanətlərinin 66 faizi - 9  milyard 216 milyon  manatı  milli valyutada, 34 faizi və ya 4,7 milıyard manatı  xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 59,5 faizi - 8,3 milyardı müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri oktyabr ayında 72 mln. manat artıb. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması oktyabr ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 1,7 faiz bəndi azalaraq 33,5 faiz təşkil edib.   

Seçilən
39
modern.az

1Mənbələr