AZ

Önder Karaveli “Qarabağ”ın bazasını ziyarət etdi

“Qarabağ”ın futbol akademiyasının sabiq koordinatoru, türkiyəli mütəxəssis Önder Karaveli bu gün Ağdam klubunun bazasını ziyarət edib.

Arena.az xəbər verir ki, türkiyəli mütəxəssis Ağdam klubunun baş direktoru Emrah Çelikellə görüşüb.

Görüş zamanı qonağa “Qarabağ”ın forması hədiyyə edilib. Türkiyənin bir sıra klublarında, o cümlədən “Beşiktaş” və “Trabzonspor”da çalışmış mütəxəssis ürəyinin hər zaman “Qarabağ”la döyündüyünü deyib:

“Türkiyədə yaşasam da, özümü hər zaman “Qarabağ” ailəsinin bir parçası hiss etmişəm. Bu klubda, onun akademiyasında çalışmışam. “Qarabağ”da çox gözəl günlər keçirmişəm. O zamandan bu klub mənim üçün çox dəyərlidir. Türkiyədə yaşamağıma baxmayaraq, “Qarabağ”ı Azərbaycandakı komandam hesab edirəm. Yenidən burada olduğuma çox şadam”.

Önder Karaveli Ağdam klubunun uğurlarına sevindiyini bildirib:

“Qarabağ”ın həm ölkədə, həm Avropada əldə etdiyi nailiyyətlər hamımızı çox qürurlandırır. Qurban Qurbanova böyük hörmətim var. Onunla burada da, Türkiyənin Antalya şəhərində də dəfələrlə görüşüb danışmışıq. “Qarabağ”ın gördüyü işlər çox qiymətlidir. Bu klubun idarəçiliyi, təşkilatçılığı örnək olunacaq səviyyədədir. Türkiyədə bir çox komanda avrokubokların qrup mərhələsinə düşməkdə çətinlik çəkirsə, “Qarabağ” hər il bu uğura imza atır. Ümid edirəm ki, qarşıdakı illərdə Azərbaycan futbolu da irəliləyişə nail olar. Öz akademiyası, təşkilatçılığı, idarəçiliyi, əsas komandası ilə nümunə sayılan “Qarabağ”in bunun lokomotivi olacağını düşünürəm”.

Qeyd edək ki, Önder Karaveli 2020-ci ilin yanvar ayından 2021-ci ilin yayına qədər məhz “Qarabağ”da çalışıb.

Seçilən
19
7
arena.az

10Mənbələr